Accessibility links

Dariqa Nazarbayeva spiker seçildi


Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva parlamentin yuxarı palatası - Senatının spikeri seçilib.

55 yaşlı Nazarbayeva martın 20-də Senat üzvləri tərəfindən yekdilliklə bu vəzifəyə seçilib.

O, uzun illər atasının mümkün varisi hesab olunurdu. Dariqa Nazarbayeva 2016-cı ilin sentyabrından Senatın beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədridir, ondan öncə isə baş nazirini müavini olub.

Tokayev Nazarbayevlə bağlı təklif verdi

Martın 20-də Kasım-Jomart Tokayev Qazaxıstanın müvəqqəti prezidenti kimi and içib. 30 ilədək prezident vəzifəsində olmuş Nursultan Nazarbayev dünən istefa versə də, onun ölkəyə nəzarəti saxlayacağı gözlənir.

Moskvada təhsil almış 65 yaşlı Tokayev keçmiş baş nazir, xarici işlər naziri və Qazaxıstan senatının indiki spikeridir. O, azından 2020-ci ilədək prezident vəzifəsini icra edəcək. Gələn il bu ölkədə prezident seçkisi keçirilməlidir.

Qazaxıstanın müvəqqəti prezidenti Kasım-Jomart Tokayev
Qazaxıstanın müvəqqəti prezidenti Kasım-Jomart Tokayev

Parlamentin hər iki palatası qarşısında and içən Tokayev deyib ki, Nazarbayevin “hörmətli fikirləri” hökumətin “strateji qərarlarında” əsas rol oynayacaq. O, ölkə paytaxtı Astanaya onun adının verilməsini təklif edib.

“Böyük müasirimiz - Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Abişeviç Nazarbayevin adını bu cür əbədiləşdirmək lazımdır: paytaxtımız prezidentimiz Nursultanın adını daşımalıdır” , deyən Tokayev Nazarbayevin “ölkənin ömürlük atası kimi” qalacağını deyib.

Parlament elə bu gün paytaxtın Nursultan adlandırılmasını təsdiqləyib.

“QAZAXISTANI ONA ETİBAR ETMƏK OLAR”

Tokayev həmçinin təklif edib ki, paytaxtda Nazarbayevin şərəfinə abidə ucaldılsın, hər bir şəhərdə bütün mərkəzi küçələrə onun adı verilsin.

Tokayevi müvəqqəti prezident elan edən Nazarbayev deyib ki, “Qazaxıstanı idarə etməkdə ona etibar etmək olar”.

Tokayev həmçinin BMT-nin Cenevrədə təmsilçisi olub, qazax, rus, ingilis, çin dillərində təmiz danışır.

Dövlət Departamenti martın 19-da inamını bildirib ki, Nazarbayevin istefasından sonra da Qazaxıstanla “güclü” münasibət davam edəcək.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federika Mogerininin sözçüsü Nazarbayevin “modernizasiya islahatları, konstitusiya islahatları” apardığını, həm regional, həm də qlobal səviyyədə əməkdaşlığın irəliləməsində vacib rol oynadığını deyib.

“Qazaxıstan Konstitusiyasına uyğun olaraq hamar keçid gözləyirik”, sözçü Maya Kocijancic deyib.

Prezidentin mətbuat xidmətinin bildirdiyinə görə, Nazarbayev istefa qərarını Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətində müzakirə edib və iki lider “gələcəkdə davamlı kontaktlar saxlamağa razılaşıblar”.

İnsan haqları fəalları və tənqidçilər Nazarbayevin opponentlərini daim susdurduğunu, vəzifə müddətini qeyri-demokratik seçkilər və referendumlar yolu ilə uzatdığını deyir.

- AzadlıqRadiosu

XS
SM
MD
LG