Accessibility links

Davud Turan: Amerika İranda dəyişiklik istəyirsə azərbaycanlılar və digər etnik qruplarla işləməlidir


Davud Turan: Amerika İranda dəyişiklik istəyirsə, azərbaycanlılar və digər etnik qruplarla işləməlidir
please wait

No media source currently available

0:00 0:14:04 0:00

Tramp administrasiyası İranda etirazları gücləndirmək və Tehranın nüvə proqramına, eləcə də militant qruplara dəstəyinə son qoymaq məqsədilə tənqidi məzmunlu məruzələr və internetdə kommunikasiyaların da daxil olduğu geniş kampaniyaya başlayıb. Kampaniya ABŞ prezidenti Donald Trampın sərt sanksiyaları yenidən tətbiq etməklə İrana iqtisadi cəhətdən təzyiqləri artırmaq strategiyası ilə birgə aparılır. Bu kurs Trampın mayın 8-də Birləşmiş Ştatların 2015-ci ildə İranla dünyanın altı qüdrətli dövləti ilə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonra güclənib. Siyasi şərhçi Davud Turan Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə ABŞ-ın İran strategiyası və İran azərbaycanlılarının gözləntilərindən danışıb.

ABŞ administrasiyası İranda etirazları dəstəklədiyini bildirsə də, İranda rejim dəyişikliyi deyil, rejim rəsmilərinin davranışını dəyişdirməyə çalışdığını bəyan edir. Davud Turan ABŞ-ın hazırkı administrasiyasının İranla bağlı siyasətində yeni mərhələnin başlandığını bildirib.

“Amerika rəsmiləri İranda etirazlara açıq şəkildə dəstək verdiklərini deyirlər. Bu, daha öncə görünməmiş idi. Yəni Obama dönəmində biz bunu görmədik. Amma artıq iranlılara və İran xalqına bu mesajı vermək istəyir ki, biz sizin arxanızdayıq.”

Amerika rəsmiləri İranda etirazlara açıq şəkildə dəstək verdiklərini deyirlər. Bu, daha öncə görünməmiş idi.

Tramp administrasiyasının rəsmiləri İran xalqına və müxalif fəallara dəstək bildiriblər. Bu yaxınlarda ABŞ Konqresində İrandakı etnik azlıqların nümayəndələrinin iştirakı ilə konfrans keçirilib. Davud Turanın sözlərinə görə, ABŞ hökuməti İranda dəyişikliyə nail olmaq istəyirsə, ölkədəki etnik azlıqlarla iş aparmalıdır.

“Amerika dövləti bunu başa düşüb ki, İranda bir dəyişiklik istəyirsə, İran rejiminə təzyiq göstərmək istəyirsə, istədiklərini həyata keçirmək üçün İrandakı etniklərlə, İrandakı azərbaycanlılarla, kürdlərlə, ərəblərlə, bəluclarla işləməsi gərəkdir.”

Keçən ilin sonları və bu ilin əvvəlindən İranda etirazların baş qaldırdığı müşahidə edilir. Lakin İran Azərbaycanının bölgələrində aktiv etirazlar görünmür. Davud Turan bunun səbəblərini izah edir.

Təbrizdə indi bir söz var. `Hər zaman Təbriz inqilablar eliyər, amma çörəyi Tehran yeyər`.

“Azərbaycanlılar baxır ki, bu etirazları kim yönləndirir, kim yol verir. Və bir tərəfdən, o etirazlara sahib çıxan insanlar var xaricdə. Görürlər ki, onların dərdlərinə biganədilər, şahçılar olsun, mücahidlər olsun və ya başqa siyasi qruplar olsun. Azərbaycanlılar deyir, mənim varlığımı qəbul etməyən, mənim varlığımı inkar edən, mənim burada dilimi yasaqlayan və mənə heç bir haqq verməyən şahçı ilə, mücahidlə və İran dövlətinin heç bir fərqi yoxdur.”

Davud Turanın sözlərinə görə, İran azərbaycanlıları istəklərinin nəzərə alınmasını, tələblərinin təmin olunmasını istəyir.

“Təbrizdə indi bir söz var. `Hər zaman Təbriz inqilablar eliyər, amma çörəyi Tehran yeyər`. Bu, keçmişdə də belə olub. Məşrutiyyət dövründən bu tərəfə, hətta İran İslam inqilabında da təbrizlilər və azərbaycanlılar hər zaman İrandakı dəyişikliyin ön sıralarında olublar, amma kötəyi yeyən də onlar olublar və çörəyi yeyən hər zaman Tehran olub.”

Davud Turan bildirib ki, İran hökuməti ölkədə iqtisadi çətinliklərin Vaşinqtonun Tehranla bağlı siyasətinin nəticəsində yarandığı haqda təsəvvür yaratmağa çalışsa da, İran azərbaycanlıları ağır iqtisadi durumun əsl səbəblərinin İran rejiminin özü ilə bağlı olduğunu başa düşür.

Davud Turanın sözlərinə görə, ABŞ administrasiyasının İranın iqtisadi cəhətdən zəiflədilməsi istiqamətində strategiyası Tehran rejiminin çökməsinə gətirib çıxara bilər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG