Accessibility links

Daxili İşlər Nazirliyinin binası qarşısında aksiyaya cəhd olub


İyunun 16-da Bakıda bir qrup ictimai fəal Daxili İşlər Nazirliyinin qarşısında "Polis zorakılığına son!" şüarı ilə etiraz aksiyası keçirməyə cəhd edib.

Fəallar Bakıda sərt karantin rejimi zamanı iyunun 7-də və 8-də Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində sakinlərlə polis arasında yaşanan insidentə etiraz edib.

Yasamal rayonunda baş verən insident

Sosial şəbəkələrdə polisin iyunun 7-də bir neçə gənci karantin qaydalarını pozarkən saxladıqları zaman sakinlərin etiraz əlaməti olaraq zibilləri polislərin üzərinə atması əks olunan videolar yayılıb.

İyunun 8-də səhər saatlarında Çevik Polis Alayının əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binada yaşayan bir neçə nəfəri saxlayıb.

Polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin hərəkətləri əks olunmuş videolar yayılıb. Videolarda görünür ki, polis vətəndaşın evinə basqın edərək onu çılpaq şəkildə zorla saxlayıb. Onkoloji xəstə olan digər vətəndaşı isə ayaqları yalın şəkildə saxlayıb. Polis əməkdaşlarından biri binanın sakini Gülər Süleymanovanı və onun həyat yoldaşını kəskin ifadələrlə təhqir edib.

Polisin hərəkətləri sosial şəbəklərdə etirazlara, tənqid və təhqirlərə səbəb olub.

Bu gün, iyunun 16-da aksiyaya cəhd zamanı fəal Nərmin Şahmarzadə polis əməkdaşlarına müraciət edərək bildirib ki, iyunun 7-də vətəndaşlar sivil etiraz edib.

"Sakinlər zibil atmağa gedən bir nəfərin həbsinə sivil etiraz edib. Onlar zibil atıblar. Həmin zibilin içində şüşə yox idi və heç bir polis əməkdaşı xəsarət almayıb. Polisin vəzifəsi vətəndaşların hüquqlarını qorumaqdır. Sizlər isə məhkəmə qərarı olmadan, qanunsuz şəkildə vətəndaşın evinə basqın edirsiniz, vətəndaşı yarıçılpaq vəziyyətdə ailəsinin gözü qabağında saxlayırsınız. Hələ bütün bu qanunsuzluqları videoya da çəkmisiniz. Polis əməkdaşlarında bu cəsarət hardandır?" o sual edib.

Bu zaman polis əməkdaşları etiraz edənlərin qarşısını kəsib.

Şahmarzadə polis tərəfindən saxlanılıb.

Digər aksiya iştirakçıları isə "Polis zorakılığına yox!" şuarı səsləndirib və avtobuslara mindirilərək ərazidən uzaqlaşdırlıb.

Məsələ ilə bağlı rəsmi qurumlar hələ münasibət bildirməyib.

Yasamal rayonundakı insidentlə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, iyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılmış və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilmişdir ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilmişdir.

“Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilmiş və ondan üzr istənilmişdir. Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilmişdir,” mətbuat xidməti qeyd edir.

COVİD-19 bağlı qısa məlumat

Koronovirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin elan edilib. İyunun 6-dan 8-nə və iyunun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda sərtləşdirlimiş karantin rejimi təbiq edilib, küçəyə çıxmağa qadağa qoyulub.

XS
SM
MD
LG