Accessibility links

Daxili Qoşunların keçmiş komandanı ölkəyə buraxılmayıb


Fəhmin Hacıyev

Daxili İşlər Nazirliyin Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev yanvarın 8-də Azərbaycana buraxılmayıb.

Bu barədə Hacıyev özü facebook səhifəsində məlumat yayıb.

Xaricdə yaşayan Hacıyevin sözlərinə görə, o anasını ziyarət etmək üçün Bakıya gəlib, lakin onu ölkəyə buraxmaqdan imtina ediblər.

"Yanvarın 7-də gecə Kiyevdən Bakıya gəldim. Sərhəd keçid məntəqəsində pasportuma baxdılar. Təqribən 5 dəqiqədən sonra mənə ölkəyə girişimə “stop” olduğunu dedilər. Soruşuram necə yəni “stop” var, mən Azərbaycan vətəndaşıyam, ölkəmə girməyə niyə məhdudiyyət qoyulmalıdır? Cavab vermədilər və yarım saatdan sonra aeroportun nəqliyyat polisi əməkdaşları məni şöbəyə apardılar. Oradan isə Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Gecə orada saxlanıldım. Səhər sorğu-sual etməyə başladılar," Hacıyev qeyd edib ki, ondan, bundan öncə Azərbaycana gələndə kimlərlə görüşdüyünü və onlarla nədən danışdığını soruşublar.

"Mən isə bildirdim ki, kimsə ilə gizlin görüşməmişəm, bütün görüşlərim açıq olub. Əsasən köhnə xatirələri, müxalıfətdaxili münasibətlər və müxalifət-hakimiyyət mübasibətləri müzakirə olunub. Ukraynada nə işlə məşğul olduğumu soruşdular. Olduğu kimi söylədim. Bir müddət sonra mənə elan etdilər ki, geriyə göndərilirsən. Xahiş etdim ki, bir günlük anama baş çəkməyə icazə versinlər, icazə vermədilər. Deportasiyamla bağlı qərarı kimin tərəfindən verildiyi barədə heç bir məlumatım yoxdur."

Hacıyev vurğulayıb ki, ona heç bir fiziki təzyiq göstərilməyib.

"Mənimlə çox nəzakətli və təmkinli davrandılar. Hər birinə nümunəvi davranış üçün minnətdaram."

Məsələ ilə bağlı rəsmi qurumlar hələ məlumat yaymayıb.

Fəhmin Hacıyev Azərbaycan Xalq Hərəkatının fəal üzvlərindəndir. O 1992-1993-cü illərdə Daxili Qoşunların Komandanı olub. Hacıyev 1994-2004-cü illərdə həbsdə olub və sonra ölkəni tərk edib.

XS
SM
MD
LG