Accessibility links

Daxili Qoşunlar karantin rejiminin yerinə yetirilməsinə cəlb olunub, 64 yeni yoluxma var


Bakı küçələri dezinfeksiya edilir
Bakı küçələri dezinfeksiya edilir

Azərbaycanda martın 30-da yeni koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb. Həmin şəxslərdən 3 nəfərin vəziyyəti ağır, 11 nəfərinki isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda bildirilib ki, eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 11 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ümumilikdə, Azərbaycanda koronavirus infeksiyasına 273 yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 4 nəfər vəfat edib, 243 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Daxili Qoşunlar karantin rejiminə nəzarət edir
Daxili Qoşunlar karantin rejiminə nəzarət edir

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 30 minə yaxın test aparılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirir ki, son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artım dinamikası həm xaricdən qayıdan çoxlu sayda vətəndaşlarda virusun aşkarlanması, həm də ölkə daxilində bir-birini yoluxdurma hallarının artması ilə bağlıdır.

Bu gün Bakının küçələrində polis əməkdaşları ilə birgə Daxili Qoşunların hərbi qulluqçuları da karantin rejiminin yerinə yetirilməsinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, xüsusi karantin rejimi çərçivəsində tədbirlərin gücləndirilməsi ilə əlaqədar Daxili İşlər Nazirliynin Daxili Qoşunlarının hərbi qulluqçuları karantin tədbirlərinin həyata keçirilməsi çərçivəsində asayişin təmin edilməsinə cəlb olunub.

XS
SM
MD
LG