Accessibility links

Rusiyanın Xarkivə endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb


Xarkiv, Ukrayna. 4 aprel, 2024.
Xarkiv, Ukrayna. 4 aprel, 2024.

Bölgə rəsmilərinin verdiyi məlumata görə, Rusiyanın şənbə günü erkən saatlarda Ukraynanın ikinci ən böyük şəhəri Xarkivə endirdiyi zərbə nəticəsində altı mülki şəxs ölüb, on nəfər yaralanıb.

Ukraynanın milli polisi bildirib ki, hücum dronla edilib. Onlar şəhərin küçələri və binaların yaxınlığında çıxan yanğınların şəkillərini dərc edib.

“Bu səhərə olan məlumata görə, gecə Şevçenkivski rayonuna endirilən zərbə nəticəsində altı nəfər ölüb, 10 nəfər yaralanıb,” Xarkivin meri İhor Terexov Telegram-da bildirib.

“Zərbə yaşayış sahələrinə tuş gəlib - ən azı doqquz çoxmərtəbəli bina, üç yataqxana, bir sıra inzibati bina, bir mağaza, bir yanacaqdoldurma məntəqəsi, bir xidmət məntəqəsi və maşınlara ziyan dəyib,” o deyib.

Mətbuatda bildirilib ki, hücum gecə yarısından bir az sonra baş verib.

Ukraynanın şimal-şərqində yerləşən Xarkiv tez-tez Rusiyanın hədəfində olub, son həftələrdə isə hücumların sayı artıb. Çərşənbə günü şəhərə dron hücumu nəticəsində dörd nəfər ölüb, yaşayış binalarına ciddi ziyan dəyib.

Prezident Volodimir Zelenskinin aparat rəhbəri Andriy Yerman Politico xəbər agentliyinə müsahibəsində deyib ki, o, Xarkivin may və ya iyunda Rusiyanın hər hansı yeni hücumunun hədəfi olacağını gözləyir.

Xarkiv bölgəsinin qubernatoru Oleh Sınehubov yaşayış binasına zərbənin endirildiyini və Xarkiv şəhərinin şimalında bir kəndə raket hücumunun olduğunu bildirib. Hər iki insidentdə tələfat qeydə alınmayıb.

Hücumlardan sonra Xarkiv və ölkənin böyük bir hissəsi, o cümlədən Kyiv üçün hava hücumu ilə bağlı xəbərdarlıq bir neçə saat qüvvədə qalıb.

Forum

XS
SM
MD
LG