Şənbə günü Pakistanın cənub-qərbindəki Bəlucistan vilayətində yol kənarında baş verən bomba partlayışı nəticəsində ən azı bir nəfər ölüb, 14 nəfər xəsarət alıb.
Rəsmilər deyib ki, hücum böyük, özəl qaz hasilatı şirkətinin tədqiqatçılarını və onları müşayiət edən Pakistan təhlükəsizlik qüvvələrini hədəf alıb. Hadisə vilayət paytaxtı Kvettanın 170 kilometr şimal-şərqində baş verib.
Rayon komissarının müavini Cavid Domki telefon vasitəsilə Amerikanın Səsinə tələfatların sayını təsdiqləyib. O deyib ki, yaralılar helikopterlə Kvettada hərbi xəstəxanaya çatdırılıb. Onların bəzilərinin vəziyyəti “kritik”dir.
O deyib ki, qurbanlar arasında Pakistanın Frontier Corps yarı-hərbi dəstəsinin bir neçə əməkdaşı da var.
Qanunsuz qrup olan Bəluc Qurtuluş Ordusu təbii ehtiyatlarla zəngin olan təlatümlü Bəlucistan vilayətindəki hücumun məsuliyyətini üzərinə götürüb.
Pakistan vilayətində son günlərdə qiyamçı hücumlarda artım müşahidə olunur və Bəluc Qurtuluş Ordusu hücumların əksəriyyətinin məsuliyyətini üzərinə götürür.
Ötən həftə Bəluc Qurtuluş Ordusuna sadiq şəxslər Turbat və Qvadar vilayətlərində müvafiq olaraq hərbi-dəniz hava bazası və hökumət kompleksinə hücum edib. Hər iki hücum nəticəsində baş verən döyüşlərdə bir neçə təhlükəsizlik əməkdaşı və onlarla qiyamçı öldürülüb.
Qvadar, Pekinin qlobal Kəmər və Yol Təşəbbüsü infrastruktur proqramının uzantısı olan Çin-Pakistan İqtisadi Dəhlizi və ya CPEC çərçivəsində bir neçə milyard dollarlıq ikitərəfli əməkdaşlıq üçün mühüm olan Çin tərəfindən idarə olunan, dərin sulu Ərəb dənizi limanına ev sahibliyi edir.
Minlərlə çinli mühəndis və işçinin Çin-Pakistan İqtisadi Dəhlizi və Pakistanda Çin tərəfindən maliyyələşdirilən layihələrlə əlaqəsi var.
Çərşənbə axşamı Pakistanın şimal-şərqində dağlıq regionda intiharçı maşın partlayışı nəticəsində beş çinli mühəndis və onların yerli sürücüsü həlak olub.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb, amma Pakistan rəsmiləri hücumun arxasında Əfqanıstanda qərargahlanan terror qrupu olan Təhrik-i Taliban Pakistanla (TTP) əlaqəsi olan militantların olduğundan şübhələnir.
TPP hücumla əlaqəsi olduğunu qəbul etməyib və deyib ki, onun zorakılıq kampaniyası yalnız Pakistanın təhlükəsizlik qüvvələrini hədəf alır
Forum