Accessibility links

Pakistan hərbi konvoyu bomba hücumuna məruz qalıb


Pakistanın şimal-qərbində rəsmilərin bazar ertəsi bildirdiyinə görə, bomba partlaması nəticəsində azı bir əsgər ölüb, mülki vətəndaşlar da daxil olmaqla, bir neçə nəfər yaralanıb.

Hücumun hədəfi Əfqanıstanla həmsərhəd Hayber Paxtunxva vilayətinin paytaxtı Peşəvərdə hərbiləşdirilmiş Sərhəd Korpusunun (FC) konvoyu olub.

Ərazi polis zabiti Məhəmməd Araş Xan jurnalistlərə bildirib ki, yaralananlar arasında Sərhəd Korpusunun altı əməkdaşı və iki mülki vətəndaş olub.

"Təhrik-i-Taliban Pakistan" (TTP) hücuma görə məsuliyyəti öz üzərinə götürərək, konvoyu əldəqayırma partlayıcı qurğu ilə pusquya saldığını bildirib.

"Pakistan Talibanı" kimi də tanınan qrup Əfqanıstanla təxminən 2600 kilometrlik sərhədə yaxın ərazilərdə müntəzəm olaraq partlayışlar və digər terror aktları keçirib, bunun nəticəsində əksəriyyəti təhlükəsizlik qüvvələri olmaqla, yüzlərlə insan həyatını itirib.

Pakistan ordusu bu il ölkə boyu həyata keçirilən hücumlarda 220-dən çox əsgər və zabitin öldüyünü təsdiq edib.

Rəsmi İslamabad "Təhrik-i-Taliban Pakistan" qrupunun qaçaq liderləri və döyüşçülərinin hücumları Əfqanıstandakı sığınacaqlarından təşkil etdiyini və Talibanın 2021-ci ildə qonşu ölkədə hakimiyyətə qayıtmasının qrupun trans-sərhəd hücumlarını aktivləşdiriyini və buna imkan verdiyini bildirir.

Rəsmilər keçən həftə güclü silahlanmış TTP militantlarının böyük bir qrupunun Əfqanıstan sərhədi yaxınlığında şimal Çıtral bölgəsində Pakistanın təhlükəsizlik postlarına hücumu zamanı 4 əsgərin, 12 hücumçunun öldüyünü bildirib.

Əfqanıstandakı Taliban hakimiyyəti bu iddiaları rədd edərək, heç kimə öz ərazilərindən Pakistan və ya digər ölkələrə qarşı istifadə etməyə icazə vermədiyini deyib.

Forum

XS
SM
MD
LG