Accessibility links

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək


Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Səsvermə səhər saat 8-də başlayacaq, axşam saat 19-da başa çatacaq.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib ki, bütün məntəqələr seçkilərə tam hazır vəziyyətdədir.

Onun sözlərinə görə, respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bələdiyyə seçkiləri 118 dairəni əhatə edəcək. Azərbaycanda mövcud olan 125 dairənin 7-si bu proseslərdə iştirak etmir. Çünki bunlar Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yerləşən dairələrdir. Ümumilikdə, həmin dairələrdən başqa digər 7 dairədə də məcburi köçkünlər var və burada seçicilərin sayı 339 min 326 nəfərdir.

Mərkəzi Seçki Komissiyasının sədri mətbuat konfransı keçirib
Mərkəzi Seçki Komissiyasının sədri mətbuat konfransı keçirib

Məzahir Pənahov seçkilərin ümumilikdə 5049 məntəqəni əhatə edəcəyini vurğulayıb.

“Səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Seçkilərlə əlaqədar bütün siyahılar dəqiqləşdirilib və məntəqələrdən asılıb. Seçkilərdə şəffaflığın təmin edilməsi üçün 1000 məntəqədə veb-kameralar quraşdırılıb.”

MSK sədri deyib ki,1606 bələdiyyə üzrə çap olunmuş bülletenlərə 41 min 462 namizədin adı daxil edilib.

“Ümumilikdə 5 milyon 20 min 287 seçki bülleteni çap olunub. Seçkilərdə 13 siyasi partiyanın üzvləri namizəd kimi qeydə alınıb ki, bu da Azərbaycanda bələdiyyə seçkilərinə marağın artmasının göstəricisidir,” Pənahov deyib.

MSK sədri yerli müşahidəçilərin 52 min 636 nəfər olduğunu deyib. Həmçinin 17 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Bununla yanaşı Azərbaycanın aparıcı müxalifət qurumları, - Milli Şura, Müsavat və Xalq Cəbhəsi partiyaları seçkilərdə iştirak etmir.

Azərbaycanda birinci bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Bu il dekabrın 23-də sayca dördüncü bvələdiyyə seçkiləri keçiriləcək.

Şərhlərə bax

XS
SM
MD
LG