Accessibility links

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür


Dekabrın 31-də Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir. Həmrəylik Günü həm də dünyada yaşayan çoxmilyonlu azərbaycanlılar tərəfindən qeyd edilir. Bu gün münasibəti ilə Azərbaycanda və dünyanın digər ölkələrində yaşayan azərbaycanlılar müxtəlif elmi konfranlar keçirir, mədəni tədbirlər təşkil edir.

Prezident İlham Əliyevin xalqa təbrikində deyilir ki, Azərbaycan inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır.

“Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz növbəsində, yaşadıqları ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldillməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər,” İlham Əliyev qeyd edib.

Müsavat Partiyasının fəalları milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edib
Müsavat Partiyasının fəalları milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarını ziyarət edib

Dekabrın 31-də müxalifətdə olan Müsavat Partiyasının fəalları Azərbaycan Milli Azadlıq Hərəkatının liderl, eks-prezident Əbülfəz Elçibəyin məzarını ziyarət edib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. O zaman Azərbaycan xalq hərəkatının fəalları Nemət Pənahlının rəhbərliyi ilə Şimali (Azərbaycan Respublikası) və Cənubi Azərbaycan (İran Azərbaycanı) arasındakı keçmiş Sovet İttifaqının qurduğu sərhəd dirəklərini dağıdıb.

Bu zaman İstanbulda keçirilən Türkdilli Xalqların Konfransı 31 dekabrda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunması barədə təklif verib.

1992-ci ildə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib. Əbülfəz Elçibəyin həm də Azərbaycan Xalq Cəbhəsinin sədri kimi keçmiş SSRİ-nin İranla sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub.

Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır.

Dünya ölkələrində azərbaycanlıların sayı barədə rəsmi statistika yoxdur. Ancaq bir çox nəşrlər hazırda dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını bildirir.

Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.

XS
SM
MD
LG