Accessibility links

Demokratik Təşəbbüslər İnstiutu: Vəkillər vəsatətlərinin əsassız şəkildə təmin olunmadığını bildirir


Azərbaycanda vəkillərin peşə fəaliyyətinə siyasi motivli maneələrə dair hesabat
Azərbaycanda vəkillərin peşə fəaliyyətinə siyasi motivli maneələrə dair hesabat

Demokratik Təşəbbüslər İnstitutunun gənc hüquqşünaslarından ibarət araşdırma qrupu Azərbaycanda vəkillərin peşə fəaliyyətinə siyasi motivli maneələrə dair hesabat hazırlayıb.

Hesabatda deyilir ki, vəkillik fəaliyyətinin hüquqi əsasını təşkil edən qanunlarda bir sıra nöqsanlar aşkar ediblər. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun “Vəkillik fəaliyyətinin təminatı” adlı 7-ci maddəsində vəkillə müvəkkili arasındakı münasibətlərin konfidensiallığının qorunduğu bəyan edilsə də, vəkilin peşə fəaliyyətinə məhkəmələr, dövlət orqanları və 3-cü şəxslər tərəfindən maneələr yaradılmasının hüquqi nəticələri təsbit edilməyib.

Vəkilin ifadə azadlığını məhdudlaşdıran, intizam məsuliyyəti yaradan ibtidai istintaq sirri anlayışı və onun çərçivəsi heç bir hüquqi aktla müəyyənləşdirilməyib. Praktikada bu çərçivəni müstəntiq və ya prokuror müəyyən edir.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda Vəkillər Kollegiyasından xaric etmək üçün əsaslar və həmin əsasları müəyyən edərkən qurumun rəhbər tutmalı olduğu meyarlar təsbit edilməyib.

Qanunvericilikdə vəkillərin dövlət qurumlarına ünvanladığı sorğulara və müraciətlərə cavab verilmə müddətləri, cavab verilməməyə görə məsuliyyət tədbirləri nəzərdə tutulmayıb.

Araşdırma müəlliflərinin rəyini soruşduğu vəkillər ifadə azadlığının məhdudlaşdırılmasından gileyləniblər.

Bundan başqa, media-monitorinqin nəticələrinə görə, son üç ildə (2018-2020) – Vəkillərin Davranış Qaydaları haqqında Əsasnamənin qəbulundan sonra, vəkillərin mediaya çıxışında azalma baş verib.

Vəkillərin müvəkkilləri ilə görüşlərinə müxtəlif bəhanələrlə maneə yaradılır. Belə ki, vəkillərdən istintaq orqanından alınmış “icazə məktubu” tələb olunur.

Siyasi işlərdə vəkillərin müvəkkilləri ilə görüşə gedərkən konfidensiallığın pozulması və sənədlərin senzurası təcrübəsi yayılıb.

Vəkillərin 46,7%-i həbs yerlərində yoxlamalara məruz qaldığını bildirib. 80,7% isə konfidensiallığın məhz siyasi işlərdə pozulduğunu deyib.

Vəkillər həmçinin tərəflərin bərabərliyi prinsipinin pozulmasından şikayət edirlər. Sorğuda iştirak edən vəkillərin 93.8%-i vəsatətlərinin əsassız şəkildə təmin olunmadığını bildirib.

Vəkillər barəsində intizam tədbiri üçün müraciətlər ən çox prokurorluq, məhkəmə və penitensiar xidmət orqanlarından gəlir.

Xüsusilə də siyasi baxımdan həssas işlərin istintaqı dövründə vəkillər dövlət orqanlarının qanunsuz hərəkətləri barədə ictimaiyyətə məlumat verdikdə və ya məhkəmə dövründə bu qanunsuzluqların araşdırılması üçün vəsatət qaldırdıqda, dərhal onlardan Vəkillər Kollegiyasına şikayət edilir və ya şikayət olunacağıyla bağlı təhdid səsləndirilir.

Qanun yalnız peşə fəaliyyətində pozuntuya yol verilməsi hallarında intizam icraatı nəzərdə tutduğu halda, praktikada şəxsi mülahizələrinə və ifadələrinə görə də vəkillər barədə intizam icraatı başlandığı müşahidə olunur.

Öz növbəsində, Azərbaycan Vəkillər Kollegiyası rəsmi internet səhifəsində bildirir ki, ölkədə vəkillərin əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.

Hazırda Azərbaycanda fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 1791 nəfərdir.

XS
SM
MD
LG