Accessibility links

“Demokratiya üçün oxu” kampaniyası Eurovision iştirakçılarına müraciət edib (Audio)


Koordinator Rəsul Cəfərov Amerikanın Səsi radiosuna deyib ki, Eurovision-2012 müsabiqəsinədək siyasi məhbusların azad edilməsini istəyir.

“Demokratiya üçün oxu” (Sing for democracy) kampaniyasının koordinatoru Rəsul Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı dünya mediasının, beynəlxalq və yerli hüquq müdafiə təşkilatlarının Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi bəyanatlarla çıxış etdiyini bildirib.

Onun sözlərinə görə, kampaniya artıq ən məhsuldar dövrünə qədəm qoyub. “Kampaniyaya başlayanda cəmi 4 təşkilat idik. Amma, hazırda 30 yerli qeyri hökumət təşkilatı ölkədə insan hüquqları uğrunda mübarizəyə qoşulub. Beynəlxalq media Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı çoxsaylı yazılar dərc edib. Dünyada tanınmış hüquq-müdafiə təşkilatları kampaniyanı dəstəkləyir. Artıq, rəsmi Bakı da insan hüquqları ilə bağlı bəyanatlara və media yazılarına reaksiya verməyə başlayıb. Dünənki əfv fərmanı ilə iki vicdan məhbusu həbsdən azad edilib. Ümid edirik ki, “Eurovision-2012” mahnı müsabiqəsinədək bütün siyasi məhbuslar həbsdən azad ediləcək”, - deyə o qeyd edib.

Cənab Cəfərov həmçinin gənclər təşkilatlarına mitinq keçirmək üçün yer ayrıldığını xatırladıb. “Martın 17-də gənclər toplaşmaq azadlığını reallaşdıracaq”.

Koordinator son bir neçə gündə Berlin, Vyana və Cenevrə şəhərlərində kampaniyanın müdafiəsi məqsədi ilə görüşlər keçirib. “Son günlər Almaniya, Avstriya, İsveçrə mətbuatında Azərbaycanda insan hüquqları ilə bağlı 20-dən çox məqalə dərc edilib. Bir neçə televiziya və radio reportajlar hazırlayıb”.

Rəsul Cəfərov üç gün öncə “Eurovision -2012” mahnı müsabiqəsində iştirakı bəlli olan ifaçılara “Demokratiya üçün oxu” şüarı ilə müraciət edildiyini bildirib. “Kampaniya bu müraciəti müğənnilərə şəxsən göndərib. Ümid edirik ki, müsabiqə iştirakçıları Azərbaycanda demokratiya və insan hüquqlarını dəstəklədiklərini nümayiş etdirəcək. Bir çox müğənnilər ola bilsin ki, ifa etdiyi mahnıda, ola bilsin, mahnıdan əvvəl, ya sonra və ya mətbuat konfransında bu barədə fikirlərini bildirsin”, - deyə o qeyd edib.

XS
SM
MD
LG