Accessibility links

Demokratlar Müllerin hesabatının tam versiyasını tələb edir


ABŞ Nümayəndələr Palatasında əksəriyyət təşkil edən demokratlar xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il ABŞ-da prezident seçkilərinə müdaxiləsinə dair hesabatının tam versiyası və Ağ Evin 5 sabiq rəsmisinin çağırışını tələb edir.

Ədliyyə Komitəsi 400-ə yaxın səhifəlik hesabatın sabaha qədər tam şəkildə ictimailəşdirilməsini istəyir.

Lakin bu möhlətin qarşılanacağı şübhə doğurur. Belə ki, Nümayəndələr Palatası çağırışın rəsmiləşdirilməsi üçün səsvermə keçirməlidir. Ancaq bundan sonra komitənin rəhbəri Cerrold Nadler buna qərar verəcək.

Bundan əlavə prezident Trampın bir zamanlar yaxın müşavirləri olan strategist Stiv Bannon, kommunikasiya direktoru Houp Hiks, prezident aparatının rəhbəri Reins Pribus, Ağ Evin məsləhətçisi Donald Makqah və Makqahln kadrlar şöbəsinin rəhbəri Ann Donaldsona da rəsmi çağırış edilməlidir.

Bu 5 rəsminin Müller araşdırmasında əsas şahidlər olduğu düşünülür.

ABŞ-ın baş prokuroru Uilyam Barr bir həftə öncə xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi ilə bağlı hesabatında prezident Donald Tramp və ya onun kampaniyasında işləyən hər hansı şəxsin Rusiya ilə əlaqəsi olduğuna dair heç bir sübut tapmadığını bildirib.

Barr Trampın kampaniyasının seçkinin Trampın xeyrinə nəticələnməsi məqsədilə Rusiya ilə əməkdaşlıq etdiyinə dair ittihamları təhqiq edən və 22 aydır davam edən istintaqın xülasəsini ictimaiyyətə təqdim edib.

Barr yekun hesabatını bazar günü Konqresə göndərib və ictimaiyyətə açıqlayıb. Müller hesabatını Ədliyyə Nazirliyinə ötən deyil, ondan əvvəlki cümə günü təqdim edib.

Barrın bildirdiyinə görə, Müller Trampın ədaləti əngəlləyib-əngəllmədəyinə dair heç bir nəticə çıxarmayıb və bu məsələni Barrla baş prokurorun müavini Rod Rozenstinə həvalə edib.

XS
SM
MD
LG