Demokratlar çərşənbə axşamı ABŞ Senatına amerikalılar üçün pandemiya ilə əlaqədar daha yüksək yardım ödəmələrini təsdiq etməsi üçün təzyiq göstərməyi planlaşdırır. Prezident Donald Trampın tələb etdiyi 2000 dollarlıq ödəmə artıq Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.
Demokratlar Senatda azlıq təşkil etdikləri və Senatın çoxluq lideri Mitç MakKonnel məsələ üzərində səsvermə keçirəcəyinə işarə etmədiyi üçün, Demokratlar bunun üçün bir neçə mümkün tədbirlərə əl atacaqlarını bildiriblər.
Senatın azlıq lideri Çak Şumer deyib ki, “Bu fövqəladə ödəmələr ölkənin hər bir bucağında dəstəklənir. Lider MakKonnel Senat Respublikaçılarının yardım istəyən amerikalı işçilər və ailələrin ehtiyaclarını ödəməyə yardım etməyimizə mane olmamalarını təmin etməlidir.”
Respublikaçıların əksəriyyəti əlavə pulun ödənməsinin əleyhinədir. Konqresmen Kevin Breydi deyib ki, yeni ödənişlər ölkədəki işsizləri yenidən işlə təmin etməyəcək.
“Mən qorxuram ki, biz əlavə yarım trilyon dolları bu qədər tələsik xərclədiyimizdə ən çox yardıma ehtiyacı olan amerikalıları hədəf almırıq,” o bildirib.
Müstəqil senator Berni Sanders bazar ertəsi Senat daha yüksək yardım ödənişini təsdiq etmədiyi təqdirdə bir digər mühüm məsələ hesab edilən Trampın müdafiə ilə bağlı qanun layihəsinə qoyduğu vetonun ləğv edilməsi ilə bağlı səsverməni blok etməklə hədələyib.
“Açıq deyirəm: əgər senator MakKonnel ölkəmizdəki işçilər üçün 2000 dollarlıq birbaşa ödəmə ilə bağlı səsvermənin keçirilməsinə razılaşmasa, Konqres üzvləri Yeni İl bayramı üçün evlərinə getməyəcəklər,” Sanders bəyanatında bildirib.
Tramp bazar ertəsi Sandersin planına istinad edib, lakin onunla bağlı xüsusi şərh verməyərək, əlavə ödənişlərə dəstəyini təkrarlayıb.
"İnsanlara $600 deyil, $2000 verin. Onlar kifayət qədər əziyyət çəkiblər,” Tramp yazıb.
Demokratların nəzarət etdiyi Nümayəndələr Palatası bazar ertəsi 275-134 səs fərqi ilə pandemiya ilə əlaqədar əlavə yardım ödənişlərini təsdiqləyib. Konqres daha öncə isə Respublikaçı və Demokrat liderlər arasında həftələrlə davam edən danışıqlar nəticəsində pandemiya ilə əlaqədar 2.3 trilyon dollarlıq yardım paketinin daxilində amerikalılar üçün 600 dollarlıq ödənişləri təsdiqləyib.
Tramp qanun layihəsini sərt tənqid edib və Konqres yardım ödənişlərini 2000 dollara artırmadığ təqdirdə büdcə qanununa veto qoymaqla hədələyib. Lakin büdcə təsdiq olunmadığı halda hökümət bağlanacağı üçün Tramp bazar günü qanun layihəsini imzalayıb.