Accessibility links

Nizami Əyyubov: Boşanmalar beş dəfə artıb [Audio-Müsahibə]


Nizami Əyyubov

AMEA-nın Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Amerikanın Səsinə müsahibəsində demoqrafik proseslərdən danışıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov Amerikanın Səsinə müsahibəsində ölkədə demoqrafik durum və problemlərdən danışıb.

Nizami Əyyubov: Boşanmalar beş dəfə artıb
please wait

No media source currently available

0:00 0:05:21 0:00

Amerikanın Səsi: Azərbaycanda hazırda demoqrafik durum necədir?

Son vaxtlar hər min nəfərə 11-12 nəfər təbii artım var.

Nizami Əyyubov: Azərbaycanda demoqrafik durum müsbət qiymətləndirilə bilər. Ancaq 1990-cı illərdə əhalinin təbii artımı kəskin aşağı düşürdü. 2000-ci ilin əvvəlində Demoqrafiya üzrə Dövlət Proqramı qəbul edildi. Bir sıra sosial-iqtisadi müsbət irəliləyişlərlə əlaqədar əhalinin təbii artımında dönüş yarandı. Əgər 90-cı illərin əvvəlində təbii artım hər min nəfərə 20 nəfər təşkil edirdisə, sonrakı illərdə bu rəqəm 8-9 nəfərə qədər enmişdi. Sonrakı illərdə demoqrafiya proqramının həyata keçirilməsi, sosial-iqtisadi şəraitin yaxşılaşması hesabına təbii artımda, yəni, doğulanların hesabına müsbət irəliləyiş yarandı. İndi son vaxtlar hər min nəfərə 11-12 nəfər təbii artım var. Düzdür, son 2-3 ildə də bir az azalma müşahidə olunur. Yəni, hər min nəfərə təbii artımda tendensiya bir az azalmağa başlayıb. Azərbaycanda hazırda əhali həm təbii artım hesabına, həm də müsbət miqrasiya balansı hesabına formalaşır.

Amerikanın Səsi: Hazırda ölkədə demoqrafiya sahəsində ən böyük problemlər nədir?

Getdikcə oğlanların sayı artır, qızların sayı azalır. Xüsusilə, kənd yerlərində oğlanların sayı qızları ötüb.

Nizami Əyyubov: Hazırda ən böyük demoqrafik problem odur ki, ölkəyə gələnlərin və ölkədən gedənlərin milli, etnik durmunun dəqiq bilinməsi vacibdir. İkincisi, Azərbaycanda demoqrafik proseslərdə milli-mənəvi dəyərlərin dəyişməsi, aşınması yolverilməzdir. Milli-mənəvi dəyərlərin aşınması nədir? Əhalinin sayı artır, yaxşıdır. Amma say artmaqla, demoqrafik inkişafla bərabər, məsələn, boşanmaların sayı kəskin çoxalıb. Son on ildə boşanmaların sayı 5 dəfə çoxalıb. Əhali strukturunda ciddi dəyişikliklər müşahidə olunur. Getdikcə oğlanların sayı artır, qızların sayı azalır. Xüsusilə, kənd yerlərində oğlanların sayı qızları ötüb. 2017-ci ildə oğlan uşaqlarının sayının artması nəticəsində kənd yerlərində kişilərin sayı qadınlardan çoxdur. Amma əvvəllər belə deyildi. Doğrudur, şəhərlərdə də oğlanların sayı çoxalır. Ancaq kənd yerlərində durum acınacaqlıdır. Milli-mənəvi dəyərlərin mənfiyə doğru tendensiyasının dəyişməsinin nəticəsidir ki, intiharlar, cavanlar arasında ağır cinayətlər çoxalıb. Rəsmi statistikanı müqayisə edəndə görürsən ki, cavan uşaqlar arasında ağır cinayətlərin sayı çoxalıb. Çox təəssüf ki, kitab oxuyanların sayı kəskin azalıb. Bu da milli-etnik dəyərlərin düzgün istiqamətdə getməməsi deməkdir.

Amerikanın Səsi: Azərbaycan Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin iki ayında ölkəyə daimi yaşamaq üçün 756 nəfər gəlib, 200 nəfər ölkəni tərk edib.

Nizami Əyyubov: Onlar daimi gələnlər və vətəndaşlıq alanlardır. Amma müvəqqəti gəlib-gedənlər də çoxdur. Çox təəssüf ki, onların qeydiyyatı aparılmır.

Amerikanın Səsi: Demoqrafiya ilə bağlı statistik rəqəmlər reallığı əks etdirirmi?

Gəncə-Qazax iqtisadi rayonunda ümumi respublika ilə, başqa iqtisadi rayonlarla müqayisədə ölüm halları kəskin çoxdur.

Nizami Əyyubov: Demoqrafiya, artım ilə bağlı rəqəmlər demək olar ki, 90 faiz düzdür. Amma burada da müəyyən çatışmamazlıqlar var, dəqiqləşdirilmələr olunmalıdır. Məsələn, elə yerlər var təbii artımın olmaması hesabına əhalinin sayı xeyli azalıb. Bu, ciddi demoqrafik problemdir. Məsələn, Gəncə-Qazax iqtisadi rayonunda ümumi respublika ilə, başqa iqtisadi rayonlarla müqayisədə ölüm halları kəskin çoxdur. Burada demoqrafik qocalma gedir. Burada demoqrafik proseslər mənfi istiqamətə yönələ bilər. Ona görə burada demoqrafik prosesləri tənzimləmək mütləq vacib məsələlərdəndir.

Amerikanın Səsi: Ölkədə demoqrafik vəziyyətin müsbətə doğru inkişafı üçün hökumət hansı tədbirləri həyata keçirməlidir?

Nizami Əyyubov: Ölkədə demoqrafiya proqramı həyata keçirilir. İkinci demoqrafiya proqramı da hazırlanıb. İkinci proqramın həyata keçirilməsi bu sahədə müsbət addım olar. Bir də əhalinin məşğuliyyətinin artırılmasına ciddi fikir vermək lazımdır. Sonra milli-mənəvi dəyərlərin aşınmasının qarşısının alınması üçün bağçalardan başlayaraq ali məktəblərədək maarifləndirici tədbirlər həyata keçirilməlidir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG