Accessibility links

'Gözdən-könüldən uzaq' Çilov adasında abidə...


Xəzərdə iki qayıq itib
Xəzərdə iki qayıq itib

“Hadisədən 9 ay sonra məhkəmə bizə Xalidin ölüm kağızını verdi. Artıq məhkəmənin qərarı ilə itkin yox, ölmüş hesab edilir”.

2015-ci il, dekabrın 4-də “Günəşli” platformasındakı qəzadan sonra nə ölüsü, nə də dirisi tapılan 44 yaşlı neftçi, 3 övlad atası Xalid İbrahimovun həyat yoldaşı Kifayət İbrahimova danışır. Amma əlində məhkəmə qərarı ilə ölüm kağızı da olsa, ərinin yaşamadığına inanmır, hələ də yol gözləyir:

“İnanırsınızmı, ümidimizə son qoya bilməmişik, nə mən, nə də uşaqlar. O ümid, yəqin, heç vaxt da ölməyəcək. Onu sağ-salamat gözləyirəm. Ona görə dekabrın 4-də evdə ehsan da verməyəcəm, gərək onda gözümü yoldan yığam...”

“Mənim şəxsi vertolyotum var?”

Kifayət xanım ildönümü ilə bağlı rəsmi tədbirə də getməyəcək: “Sabah - dekabrın 3-də Çilov adasında həmin hadisəyə görə qoyulan abidənin açılışı olacaq. Ancaq biz getməyəcəyik, nə mən, nə də uşaqlar. Bu abidəni aparıb dənizin ortasında, adada qoyurlar. Mənim şəxsi vertolyotum var, ürəyim istəyəndə gedib oranı yad edim, ziyarət edim? Bunu quruda qoyaydılar. Elə özlərinə də dedim ki, niyə belə edirsiniz? Özləri yoxa çıxmışdı, itmişdi, abidəni niyə aparıb orda qoydular? Özləri kimi abidələri də kimsəsiz kimi dənizin ortasında qaldı...”

“Dekabrın 7-dən işdən gələcəkdi”

Həmin hadisədə dənizdə donaraq həlak olan Fuad Tağıyevin atası Tahir dayı da Çilov adasına getməyəcək. Ancaq abidənin yerinə görə yox, sadəcə, xəstədir. Abidənin açılışına gəlini və oğulları gedəcək.

Hər nə qədər ağrısa da, dekabrın 4-də son zəngini dünən olmuş kimi, tarixinə qədər yadında saxlayan ata öz evində ehsan verəcək:

“Noyabrın 19-da mənə zəng vurdu: ‘Ata, ayın 22-də işə gedirəm, dekabrın 7-də qayıdacam, uşağın qırxı da çıxacaq. Sən də gələrsən, qardaşlarımı da çağıraram, balacanın qırxını qeyd edərik’. Belə demişdi mənə. Dekabrın 7-də dənizdən qayıtmalıydı, elə 7-də də meyitini verdilər mənə... Dekabrın 4-də batmışdı, 7-də Qazaxıstandan tapmışdılar”.

“Bir ildə istintaq bizə heç nə demədi”

Həmin hadisədə yaxınlarını itirənlərin bir gözləntisi də var, istintaqın başa çatması, günahkarların cəzalandırılması.

Tahir Tağıyev “Bir ildə istintaq bizə heç nə demədi, bunlardan nə gözləmək olar” deyə sual edir. Sonra da əlavə edir: “Yaxşı bir şey gözləmirəm... Yüz faiz bu uşaq şəhid oldu. Onun telefonda səsi də qalıb. Zəng vurub deyib: “Batırıq, bizə kömək edin”. Cavab veriblər ki, köməyə gəmi gəlir, darıxmayın. Onunla olanlar danışır ki, suyun üzündə donub, mənim oğlum suda donaraq ölüb”.

Kifayət İbrahimova “İstintaq aparılsa da-aparılmasa da, nəticəsi olsa da-olmasa da, kim günahkarıydı, kim cəza aldı, bizə bu haqda heç bir bilgi verilmədi” deyir: “Heç olmasa, bir nəfər günahkar cəzalandırılardı, biz də sakitləşərdik. Ortada günahkar yoxdur. Günahkar ancaq küləkdir, dənizdir, hava şəraitidir...”

AzadlıqRadiosu Baş Prokurorluğun mətbuat xidmətindən suallarına cavab ala bilməyib. Xidmət rəhbəri Eldar Sultanov “az sonra zəng edin” desə də, dəstəyi götürməyib.

Mirvari Qəhrəmanlı: “Çoxlu müəmmalar var”

Ötən il – 2015-ci il dekabrın 4-də Xəzər dənizindəki “Günəşli ” yatağının 10 saylı platformasında qəza baş vermişdi. Platformadakı 64 neftçidən 34-ü xilas edilmişdi. Qalan 30 neftçidən 13 nəfərin cənazəsi tapılmışdı. «Neft Daşları»ndakı qəzada isə köməkçi tikilinin uçması sonucu 3 neftçi həyatını itirmişdi.

Hadisənin araşdırılması məqsədilə baş nazir Artur Rəsizadənin başçılıq etdiyi Dövlət Komissiyası yaradılmışdı. Ancaq artıq bir il ötsə də, komissiya hadisə ilə bağlı rəyini açıqlamayıb. Bugünlərdə Nazirlər Kabineti mətbuata Dövlət Komissiyasının həmin rəyi hazırlayaraq prezidentə təqdim etdiyini bildirib.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı sual edir: “Həmin rəy niyə ictimailəşdirilmir, niyə qəzada yaxınlarını itirənlərdən, Azərbaycan vətəndaşından gizlədilir? Niyə 10-cu platformada baş verən hadisənin səbəbi açıqlanmır? Niyə həmin hadisəylə bağlı bir nəfər belə məsuliyyətə cəlb edilmədi? Hətta işdən çıxarılan da olmadı. Bu yaxınlarda həmin platformada yenə hadisə baş verdi. Çoxlu müəmmalı məqamlar var. Niyə “Günəşli” yatağındakı 10-cu və 19-cu platformalarda vaxtaşırı qəza baş verir? Bu hadisələrin kökündə nə dayanır? Niyə araşdırılmır? Araşdırılırsa, niyə açıqlanmır? Niyə qaz sızması haqda məlumat verildiyi halda, təmir işi aparılmayıb? Niyə qasırğa haqda məlumat verilsə də, işçilər ordan uzaqlaşdırılmayıb? Bu ‘niyə’lərə cavab hələ də cavab yoxdur. Məncə, bu hadisənin arxasında adını açıqlamaq istəmədikləri şəxs dayanır. Yoxsa 30 nəfər ölsün, amma açıqlama verilməsin, buna nə ad qoymaq olar?..”

Çilov adasında isə dekabrın 3-də açılacaq abidəyə hazırlıq gedir. Mirvari Qəhrəmanlı həlak olan neftçilərə “gözdən-könüldən uzaq” bir adada abidə qoyulmasını “hadisəni unutdurmaq istəyi” kimi yozur.

XS
SM
MD
LG