Accessibility links

Kopenhagendə silahlı hücumun arxasında duran şəxs həbs edilib


Danimarka polisinin bildirdiyinə görə, Kopenhagenin ticarət mərkəzində üç nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən silahlı hücumun arxasında duran şəxs bazar ertəsi şəhər məhkəməsində ilkin dindirilmədən sonra 24 gün müddətinə həbs edilib.

Bazar günü günortadan sonra Kopenhagen şəhərinin mərkəzindən bir neçə kilometr cənubda yerləşən Fields ticarət mərkəzində alıcılara atəş açan 22 yaşlı danimarkalı həbs edildikdən sonra ona qarşı qəsdən adam öldürmə və qətlə niyyət ittihamları irəli sürülüb.

Rəsmilər onun qapalı psixiatriya palatasında saxlanılacağını bildirib.

Hadisə həftə sonu Tour de France velosiped yarışının ilk üç mərhələsinə ev sahibliyi edən və yüz minlərlə danimarkalının ölkə boyu küçələrə çıxdığı Danimarkada şok kimi qarşılanıb.

Adının açıqlanmasına qadağa qoyulan hücumçu 17 yaşlı bir kişi və bir qadını, eləcə də Danimarkada yaşayan 47 yaşlı Rusiya vətəndaşını güllələyərək öldürüb. Daha 4 nəfər isə güllə yarası alıb.

Danimarka təcili tibbi yardım xidmətinin rəsmisi onlardan üçünün hazırda vəziyyətinin stabil, birinin isə vəziyyətinin ağır olduğunu bildirib.

Yaralılar arasında iki İsveç vətəndaşı - 50 yaşlı kişi və 16 yaşlı qadın da var.

Baş polis müfəttişi Soren Tomassen bazar ertəsi jurnalistlərə bildirib ki, hadisə mövcud dəlillərə əsaslanaraq "terror aktı" kimi qiymətləndirilə bilməz və şübhəlinin başqaları ilə birlikdə hərəkət etdiyinə dair heç bir dəlil yoxdur.

Bir neçə nəfər güllə yarası deyil, hadisə yerindən qaçarkən yüngül yaralanıb.

Hücum bazar günü axşam Kopenhagendə britaniyalı müğənni Harri Staylsın ticarət mərkəzindən bir qədər aralıda verəcəyi konsertdən əvvəl, çox sayda gəncin ticarət mərkəzinə axışdığı zaman baş verib. Konsert ləğv edilib.

XS
SM
MD
LG