Accessibility links

Deputat Erkin Qədirli Avropa Şurasında Aleksey Navalnını dəstəkləyən sənədin lehinə səs verib


Erkin Qədirli

Aprelin 19-da Avropa Şurası Parlament Assambleyasının Hüquq Komitəsinin iclasında rusiyalı müxalifətçi Aleksey Navalnı ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndəsi, REAL Partiyasından deputat Erkin Qədirli Navalnıya dəstək qətnaməsinin lehinə səs verib.

Sənəd aprelin 20-də Assambleyanın plenar iclasında səsverməyə çıxarılıb.

Qətnamədə Rusiya hakimiyyətinə Navalnını azad etmək və Avropa İnsan Hüquqları Məhkəməsinin onun barəsindəki hökmünü tam icra etmək tələbi yer alır.

Faktiki olaraq, bu, uzun illər ərzində ilk dəfədir ki, Azərbaycandan olan deputat Rusiya hakimiyyətinə qarşı yönəlmiş sənədi dəstəkləyir. Son illər Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti Rusiya hakimiyyətinin əleyhinə olan sənədləri ya dəstəkləməyib, ya da bitərəf qalıb.

Rusiya müxalifətinin lideri Alexsey Navalnı 2021-ci ilin fevralında iki il səkkiz ay həbs cəzasına məhkum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi Navalnının ədalətli mühakimə edilmə hüququnu və qanunsuz cəza verildiyini tanıyıb, yerli məhkəmələri bu pozuntuların aradan qaldırılmasına çağırıb. Rusiya Ali Məhkəməsi hökmü qüvvədə saxlayıb. Avropa Şurası Nazirlər Komitəsi Navalnının hökmünün ləğv edilməsinə və təxirə salınmadan sərbəst buraxılmasına çağırıb.

Avropa Şurası Parlament Assambleyasının Hüquq Komitəsi Navalnının səhhətinin qeyri-insani rəftar nəticəsaində əhəmiyyətli dərəcədə pisləşdiyindən narahatlığını bildirib, həbs şəraitinin digər aspektlərinin Avropa İnsan Haqları Konvensiyası çərçivəsində daha çox problem yaratdığını və bununla bağlı şikayətlərinin cavabsız qaldığını bildirir.

Şərhlərə bax

XS
SM
MD
LG