Accessibility links

Deputatlığa namizədlər MSK-nin binası qarşısında “Yallı” gedib


Mərkəzi Seçki Komissiyasının (MSK) fevralın 19-da keçirilən iclasında 38 saylı Nizami (Gəncə) ikinci (lider namizəd Naqif Həmzəyev), 108 saylı Ağstafa (lider namizəd Nizami Cəfərov), 97 saylı Goranboy-Ağdam-Tərtər (lider namizəd Ağalar Vəliyev), 51 saylı Qusar (lider namizəd Azər Badamov) seçki dairələrindən quruma daxil olan müraciətlərə baxılıb və araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına (DSK) göndərilib.

MSK 30 saylı Suraxanı birinci seçki dairəsinin (lider namizəd Sevinc Fətəliyeva) 5 məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması barədə də qərar verib.

Eyni zamanda, bu gün bir qrup deputatlığa namizəd və fəallar yenidən MSK-nin binası qarşısında etiraz aksiyası keçirib. Namizədlər səsvermənin nəticələrinin etibarsız hesab edilməsini tələb edib.

Etirazçılar dünən qısa müddətə saxlanılan qrafik-dizayner Rəsul Həsənlini müdafiə məqsədi ilə MSK-nin binası qarşısında “Yallı” rəqsini oynayıb. Çünki Rəsul Həsənli fevralın 16-da Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası zamanı kardon yaratmaq üçün sıraya düzülən polis əməkdaşlarının videosunu yallı oynadıqları kimi montaj edəndən sonra saxlanılıb. Rəsul Həsənli saxlanıldıqdan sonra bu çarx Facebook profilindən silinib.

Aksiyada iştirak edən ODA teatrının rəhbəri Elmin Bədəlov bildirib ki, vətəndaşlar etirazçıları müdafiə etməlidir.

“İnsanların inamını öldürmək olmaz. Ona görə burada etiraz edirəm,” o qeyd edib.

29 saylı Səbail Seçki Dairəsindən (lider namizəd Nigar Arpadarai) deputatlığa namizəd Bəxtiyar Hacıyev bildirib ki, MSK onun şikayəti əsasında namizəd olduğu seçki dairəsinin 6 məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı qərar qəbul edib.

“Maraqlı hadisə baş verib. Dünən mən və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri MSK-nin iclasında olarkən qərar qəbul edilməyib. Biz MSK-nin binasını tərk etdikdən sonra 6 məntəqə ilə bağlı qərar qəbul ediblər. Daha 7 seçki məntəqəsində təkziolunmaz açıq sübutlar təqdim etmişəm. Təkzibolunmaz faktlar odur ki, seçki məntəqələrinin elan etdiyi nəticələrlə dairə seçki komissiyasının tərtib etdiyi protokollar arasında kəskin fərqlər var. Bunların hamısı barədə videolar təqdim etmişəm. 7 məntəqədə Nigar Ardadarai cəmi 157 səs toplayıb. Amma, pozuntusu sübut olunmuş və ləğv edilmiş məntəqələrdə 1045 səs yazılıb. Bu məntəqələrdə də səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edilməlidir,” o qeyd edib.

76 saylı Lənkəran-Astara seçki dairəsindən (lider namizəd Ziyafət Əsgərov) deputatlığa namizəd Xalid Bağırov bildirib ki, seçicilərinin səsini qorunması üçün mübarzəsini sonadək davam etdirəcək.

“Biz xalq olaraq səsimizə sahib çıxmalıyıq. Bu gün səsimizi oğurlayanlar sabah mülkümizü, canımızı oğurlayacaq,” o qeyd edib.

XS
SM
MD
LG