Accessibility links

Deyvid Kramer: Azərbaycan hökuməti vətəndaşları əzməklə yanlış yol tutub


Deyvid Kramer: Azərbaycan hökuməti vətəndaşları əzməklə yanlış yol tutub
please wait

No media source currently available

0:00 0:07:51 0:00

“Freedom House” təşkilatının keçirdiyi rəy sorğularına görə, amerikalıların 71 faizi hökumətin digər ölkələrdə demokratiya və insan hüquqlarını dəstəkləməsinin vacib olduğunu hesab edir. Lakin təşkilat hesab edir ki, Donald Trampın ritorikası və əməlləri ABŞ-ın qlobal səviyyədə demokratiyanın inkişafına dair öhdəliyinə kölgə salıb. “Freedom House” təşkilatının sabiq prezidenti, hazırda Florida Beynəlxalq universitetinin mühaziri Deyvid Kramer Amerikanın Səsinə müsahibəsində Birləşmiş Ştatların demokratiyanın qlobal səviyyədə müdafiəsində rolu, Azərbaycanda insan haqlarının durumu və ABŞ-Azərbaycan münasibətlərindən danışıb.

Amerikanın Səsi: Freedom House təşkilatının illik hesabatında Ermənistan da daxil olmaqla, bəzi ölkələrdə mühüm inkişaflar alqışlanıb, lakin Rusiya və Azərbaycan kimi ölkələr tənqid edilib. Azərbaycan 50 ölkə ilə qeyri-azad ölkə kateqoriyasında göstərilib. Siz Azərbaycanda vəziyyəti necə qiytmələndirirsiniz?

Deyvid Kremer: Azərbaycanda fikrimcə, Freedom House-un verdiyi təsvir və reytinq tamamilə düzgündür. Əliyev rejiminin müxalifətə, blogerlərə qarşı təqibləri ilə, korrupsiyanın böyük bir problem olması ilə vəziyyət repressiv olaraq qalır. Ölkədə həqiqi qüvvə tarazlığı yoxdur. Hökuməti tənqid edənlər təqib edilir. Buna görə də təəssüf ki, ölkə qeyri-azad ölkədir. Fikrimcə, Freedom House öz reytinqində dögrudur. Mən burada fürsətdən istifadə edib bnir neçə gün bundan əvvəl baş vermiş zəlzələ ilə əlaqədar təəssüfümü bildirim. Mən zəlzələ nəticəsində zərər çəkən bütün insanların tezliklə sağalacağına ümid edirəm. Bu həm də onu göstərir ki, ölkənin bir olmalı olduğu və belə təcili hallarda hökumətə tam etibar etməli olduğu bu kimi vaxtlarda açıq cəmiyyətin olması olduqca mühümdür.

Amerikanın Səsi: Sizin fikrinizcə, Azərbaycanda baş verənlər hansı dərəcədə qlobal, ya da regional tendensiyaların bir hissəsidir?

Əliyev rejiminin müxalifətə, blogerlərə qarşı təqibləri ilə, korrupsiyanın böyük bir problem olması ilə vəziyyət repressiv olaraq qalır. Ölkədə həqiqi qüvvə tarazlığı yoxdur. Hökuməti tənqid edənlər təqib edilir.

Deyvid Kremer: Biz vəziyyətin son 5,6 ildə pisləşdiyinin şahidi olmuşuq. Amma vəziyyət bundan əvvəl də yaxşı deyildi. Lakin biz hökumət tərəfindən real basqıların, prezident Əliyevin öz tənqidçilərini təqib etməsinin və bununla yanaşı, real müxalifətin məhdudlaşdırıldığı şəraitdə yenidən seçilmək üçün kampaniyalar aparmasının şahidi olmuşuq. Ona görə də Azərbaycanda real rəqabətin mövcud olduğu seçkilər keçirilmir. Seçkilər insanların səsverməyə getməsindən əvvəl müəyyən edilir. Mənim fikrimcə, Ukraynada 2013, 2014-cü illərdə inkişafların təsiri olub, prezident Əliyev də qərar alıb ki, “biz Azərbacyanda belə bir vəziyyətin yaranmasına imkan verməyəcəyik”. Amma buna baxmayaraq, Azərbaycanda son bir neçə həftə əvvəl bloger Mehman Hüseynov və başqa siyasi məhbusların azad edilməsi tələbi ilə mitinqlər də daxil olmaqla, etiraz nümayişləri keçirilib. Hökumət əlbəttə ki siyasi məhbusların olduğunu rədd edir. Buna görə də mənim fikrimcə, vəziyyət böyük təəssüf doğurur. Və xüsusilə də hökumət tərəfindən təqiblərlə qarşılaşanlar üçün bu, olduqca təəssüfedicidir. Mən hesab edirəm ki, Birləşmiş Ştatlarda yeni Nümayəndələr Palatasında Azərbaycanda insan haqlarının durumuna daha böyük diqqət veriləcəyini görə bilərik. Məsələyə nə Obama administrasiyası tərəfindən, nə də ki hazırkı administrasiya kifayət qədər diqqət ayrılmayıb.

Amerikanın Səsi: Freedom House Birləşmiş Ştatlarda demokratiyanın son bir neçə ildə zəiflədiyini bildirib və ABŞ prezidenti Donald Trampı “qanunun aliliyi, fakt-araşdırıcı jurnalistik və demokratiyanın digər prinsipləri və normalarına hücumları davam etdirməkdə” günahlandırıb. Bu ritorika nə dərəcədə zərərlidir?

Avtoritar rejimlər hücuma keçərək bizim seçkiləri pozmağa, daxilimizdəki ixtilafları dərinləşdirməyə çalışırlar - ələlxüsus mühacirət və digər mübahisəli məsələlərdə.

Deyvid Kremer: Aydınlaşdırmaq istəyirəm ki, Freedom House vəziyyətin son bir neçə il deyil, pisləşmə tendensiyasının son 6,7, 8 il əvvəl başladığını bildirib. Bunun bir hissəsi jurnalistlərin mətbuata məlumatları sızdırmasının qarşısının alınması, izləmədən istifadə edilməsi və başqa məsələlərlə bağlıdır. Son iki ildə mən vəziyyətin pisləşdiyini düşünürəm. Birləşmiş Ştatların 2018-ci ildə reytinqi aşağı düşməyib, ondan əvvəlki il düşüb. Lakin Freedom House ilk dəfə olaraq Birləşmiş Ştatlara xüsusi bölmə həsr edib. Mən Freedom House-da 5 il əvvəl özüm işləmişəm və Birləşmiş Ştatlar üçün xüsusi bir bölmənin olması mənim yadıma gəlmir. Bu da Birləşmiş Ştatlarda baş verənlərlə bağlı narahatlıqlarla əlaqədardır. Mediaya hücumlar, digər siyasi partiyaya mənsub adamlarla rəftar, prezident istifadə etdiyi ritorika, Birləşmiş Ştatlarda qütbləşmə, bu, təkcə prezidentə aid deyil, funksiya göstərə bilməmək və məqsədlərə nail olunmasının qarşısını alan əsl qütbləşmədən söhbət gedir. Bundan başqa, prezidentin qərarları ilə razılaşmayan hakimlərə hücumlar, mühacirlərə hücumlar kimi məsələlər var. Bizim müşahidə etdiyimiz ritorikaya mənim fikrimcə, tam əminliklə xüsusi diqqət verilməlidir. Siyasi qüvvə tarazlığı mövcuddur, bizim sistem sınaqdan keçir, mən hesab edirəm ki, uzun zamandır belə bir şey yox idi. Konqres ilk iki ildə aktiv qüvvə tarazlığı funksiyasını yerinə yetirə bilməyib. Mənim fikrimcə, indi yeni Nümayəndələr Palatasının demokratik əksəriyyətlə işə başlaması ilə biz daha çox qüvvə tarazlığı görə biləcəyik, amma eyni zamanda, icraedici və qanunverici hakimiyyət arasında daha çox toqquşmanın da şahidi olacağıq. Baxıb gözləməliyik ki, bu nə ilə nəticələnəcək.

Amerikanın Səsi: Senator Con Makkeyn bir zamanlar demokratiyalar liqasının yaradılmasının vacibliyindən danışmışdı. Bu gün Venesuelada azad dünya ilə avtokratik rejimlər arasında dramatik bir qarşıdurmanın şahidiyik. Siz demokratiya və diktoatorluq arasında qlobal bir mübarizə getdiyini düşünürsünüzmü?

Deyvid Kremer: Bəli, elədir. Gördüyümüz budur ki, avtoritar rejimlər hücuma keçərək bizim seçkiləri pozmağa, daxilimizdəki ixtilafları dərinləşdirməyə çalışırlar - ələlxüsus mühacirət və digər mübahisəli məsələlərdə. Onlar demokratiya anlayışının özünü sarsıtmağa çalışırlar – istəyirlər göstərsinlər ki, demokratiya onların qurduğu sistemdən heç də yaxşı deyil. Digər tərəfdən, demokratik dövlətlər o qədər də böyük özünəinam sərgiləmir. Məsələn, Freedom House-un haqqında bəhs etdiyi ABŞ-dakı problemlərə, yaxud Brekzit debatının iflic etdiyi Britaniyaya və siyasi qarışıqlığın yaşandığı İtaliyaya baxsanız, görərsiz ki, Böyük Yeddilik ölkələri bu məsələlərlə çarpışırlar. Bu qurumda olmayan dövlətlər isə onları sıradan çıxarmağa çalışır. Biz daha çox özünəinam sərgiləməliyik. Biz müdafiə ilə bərabər hücumda olmalıyıq. Biz öz vətəndaşlarımıza göstərməliyik ki, demokratiyalar işləyir, onlar idarəçiliyin öhdəsindən gəlir. Biz bu savaşa qatılmalıyıq – və zənnimcə, bu, savaşdır. Bizim güclü əlimiz var. Ancaq ümumilikdə onlar zəif əli bizim güclü əldən daha effektiv oynayırlar.

Amerikanın Səsi: Bir sual da vermək istəyirəm. Azərbaycanın bir zamanlar dostu olaraq ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini necə görürsünüz.

Mən Azərbaycan xalqı üçün ən yaxşısını arzulayıram. Kaş ki, hökumət öz avtoritar taktikalarına son qoyub demokratik istiqamətdə hərəkət etməyə başlayaydı.

Deyvid Kremer: Aydın edim ki, mən hələ də Azərbaycanın dostuyam. Mənim Azərbaycandan çoxlu dostlarım var. O, gözəl ölkədir. Düzdür, çoxdandır orada olmamışam, çünki mənə deyilib ki, hökumət mənim ölkəyə gəlişimi istəmir. Mən buna təəssüf edirəm. Mən onu da aydın etmək istəyirəm ki, mən Azərbaycan hökumətinin tənqidçisiyəm. Hesab edirəm ki, hazırkı hökumət öz vətəndaşlarını əzməklə - müxalifətə və jurnalistlərə fəaliyyət göstərməyə imkan verməməklə yanlış yol tutub. Qısası, mən Azərbaycanın dostu olaraq qalıram. Ancaq hökumət məni dost saymır və bu münasibət qarşılıqlıdır. Əlbəttə, ümid edirəm ki, bu ölkələrin xalqları arasında münasibətlər güclü qalacaq. Belə görünür ki, hazırkı Tramp adminstrasiyası Azərbaycandakı situasiyaya gəldikdə insan haqlarını elə də vurğulamır. Azərbaycana yeni ABŞ səfiri yollanacaq – Örl Litzenberger (Earle D. Litzenberger). Hesab edirəm ki, o, işinin öhdəsindən yaxşı gələcək. Mən onu Dövlət Departamentidə işləyən vaxtdan tanıyıram. Bu, yeni başlanğıc üçün olmasa da, yeni fəsil üçün bir fürsətdir. Ümid edirəm ki, münasibətlər güclənəcək. Lakin İlham Əliyev hökumətinin tutduğu kurs buna limitlər qoyur. Söhbət insan haqlarına, söz azadlığına, toplaşma azadlığına qarşı olan qəddar basqılardan gedir. Bura regionda ən çox siyasi məhbus olan ölkədir. Təəssüf ki, Rusiya və Türkiyə bu istiqamətdə rəqabət aparırlar. Mən Azərbaycanı çiçəklənən demokratiya, çiçəklənən bazar iqtisadiyyatı, enerjidən kənarda şaxələnən ölkə kimi görmək istəyirəm. Enerji xalq üçün həm nemət, həm də lənət ola bilər. Mən Azərbaycan xalqı üçün ən yaxşısını arzulayıram. Kaş ki, hökumət öz avtoritar taktikalarına son qoyub demokratik istiqamətdə hərəkət etməyə başlayaydı.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG