Dövlət katibi Mayk Pompeo bu həftə Birləşmiş Ştatların Dövlət Departamentində Din Azadlığının İrəlilədilməsi üzrə beynəlxalq konfransa ev sahibliyi edib. Konfransda dünyanın 100-dən çox ölkəsindən xarici işlər nazirləri, yüksək səviyyəli hökumət nümayəndələri iştirak edib. Dünya boyu kilsələr, məscidlər və sinaqoqlarda törədilmiş qətliamlarda sağ qalan insanlar konfrans iştirakçılarına qoşularaq, bütün dünyada tolerantlıq, din azadlığı və dini plüralizmə çağırıblar.
ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ-ın din azadlığı məsələləri üzrə səfiri Sem Braunbekin ev sahilbliyi etdiyi din azadlığı sammitinin əsas məqsədi müxtəlif dinlərə mənsub insanların ibadət yerlərində dini təqiblər və ölümcül hücumlar qarşısında bir araya gətirilməsindən ibarətdir.
ABŞ dövlət katibi Mayk Pompeo: “Dünyanın hər yerindən olan bütün insanlar öz evlərində və ibadət yerlərində, ictimai yerlərdə açıq şəkildə ibadət edə bilməli və istədiklərinə inana bilməlidirlər.”
Dini təqiblər və hücumlara məruz qalmış şəxslər şahid ifadələri veriblər. Onlardan biri İraqın şimalında İslam Dövləti qrupu tərəfindən əsir kimi saxlanılan yəzidi Nadiya Murad idi.
“Tarix və araşdırmalar bizi yenə də öyrədir ki, soyqırım davam edən bir prosesdir. 350 mindən çox yəzidi hələ də Kürdüstanda məcburi köçkünlər üçün düşərgələrdədir. 3 mindən çox yəzidi qadın və uşaq hələ də itkindir. 2014-cü ildə beynəlxalq ictimiayyət yəzidilərin vəziyyətinə diqqət çəkirdi, bu gün yəzidilər yenidən tərk ediliblər.”
Yamini Ravidran bu il Şri Lankada Pasxa günü xristian kilsəsinə hücum zamanı sağ qalıb.
“Bu hadisənin bizim icmaya, xüsusilə də xristian icmasına təsiri o oldu ki, biz heç zaman olmadığı kimi qorxu psixozu yaşayırıq.”
Fərid Əhməd bu yaxınlarda Yeni Zelandiyanın Kraystçörç şəhərindəki məscidə hücum zamanı sağ qalanlardan biridir. Lakin onun həyat yoldaşı onun əlil arabasını məsciddən çıxarmağa çalışarkən həyatını itirib. O deyir ki, iman ona qatili bağışlamağı öyrədib.”
“Quran mənə öyrədib ki, əgər kimsə sənə qarşı pis iş görsə, bunun əvəzində yaxşılıq et. Əgər kimsə sənə pislik edirsə, onun tərsini et. O mənə nifrət verdi, mən ona sevgi.”
Hadisə qurbanları deyir ki, belə faciələr müxtəlif dinə mənsub insanların nifrət və fanatizm qarşısında bir dayanmasına kömək edib.