Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qüdslə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, dini hisslərin siyasi məqsədlər üçün sui-istifadəsi yolverilməzdir və Qüds bütün bəşərə məxsus sülh və dialoq məkanı olmalıdır.
“Bu gün dünyamızda baş verənlər bizi narahat edir. Dözümsüzlük, milli, dini zəmində qarşıdurma, ksenofobiya, islamofobiya, terror, ekstremizm hallarının səngimədiyi bir dönəmdə müqəddəs dəyər olan insan həyatının qorunub saxlanılması, sülh və sabitliyin bərqərarı yönündə addımların atılması zəruridir. Milyonlarla insanın həyatı bahasına başa gələcək siyasi qərarlar verilərkən onların olduqca təhlükəli fəsadlar, mümkün qarşıdurma və ədavət törətmə ehtimalı göz önünə alınmalı, nəzərdən qaçırılmamalıdır ki, insanlar arasında milli, dini zəmində nifrət və qarşıdurma səbəbindən bəşəriyyət sonu görünməyən bir uçuruma gedə bilər", sənəddə deyilir.
QMİ hesab edir ki, Qüdsün paytaxt elan edilməsi qeyri-məqbuldur.
"Bu, nəinki müsəlmanların, qeyri-müsəlmanların da hüquqlarının pozulmasına gətirib çıxara bilər".
İdarə1967-ci ildə BMT Təhlükəsizlik Şurasının Fələstin xalqının hüquqlarını təsbit edən Qüdslə bağlı qətnaməsinin yerinə yetirilməsində israr edir.