Accessibility links

Dindirilənlər kredit sənədlərinə imza atıb, amma pulu görməyib


Cahangir Hacıyev
Cahangir Hacıyev

Fevralın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankı ASC-nin keçmiş rəhbəri Cahangir Hacıyev, Nilli Məclisin keçmiş deputatı, biznesmen Dünyamin Xəlilov və həmin maliyyə müəssisəsinin vəsaitlərinin mənimsənilməsi işi üzrə ittiham olunan digər 19 nəfərin məhkəmə prosesi davam edib. Prosesdə Dünyamin Xəlilov dövlət ittihamçısının suallarını cavablandırıb.

O bildirib ki, yaratdığı MMC-də auditor və vergi yoxlamaları aparılıb, pozuntu aşkar edilməyib.

Dünyamin Xəlilov
Dünyamin Xəlilov

"City Delorat" şirkətinin Azərbaycan Beynəlxalq Bankına (ABB) 59 milyon manat məbləğində borcu barədə prokurorun sualının cavabında o bildirib ki, şirkət binaların elektrik enerjisi ilə təchiz edilməsilə məşğul olub və vəsaiti vətəndaşların köçürülməsinə, transformatorların alınmasına və quraşdırılmasına xərcləyib.

Sonra məhkəmədə müttəhim Samir Hacıyev dindirilib. O bildirib ki, "General Consalting" İT şirkətində mütəxəssis kimi çalışıb. "Dünyamin Xəlilov deputat seçildikdən sonra onun hüquqşünası mənə imzalamaq üçün sənəd gətirdi. Mən tələskənlik etdim və sənədi imzaladım. Xəlilov "Sigma line" şirkətinə rəhbərlik etməyi mənə təklif etdi. Mən razılaşdım. Mühasib mənə imzalamağa sənədlər gətirdi və dedi ki, Dünyamin müəllim xahiş edir ki, onları imzalayım. Mən baxmadan imzaladım. Sonra məlum oldu ki, bunlar Gürcüstanda çoxmərtəbəli evin inşası üçün kredit almaqdan ötrü sənədlər imiş", müttəhim deyib. O bildirib ki, 600 manat maaş alıb, hətta şirkətdə işləmədiyi vaxtlarda Xəlilovun xahişilə banka gedərək sənədləri imzalayıb, pul götürüb və Xəlilova verib.

Ümumilikdə, Samir Hacıyev 12 milyon manatdan çox kreditin alınmasına dair sənəd imzalayıb.

Sonra prosesdə müttəhim Sərxan Rəsulov dindirilib. O bildirib ki, Xəlilovun şirkətlərindən birində direktor vəzifəsində çalışıb.

"Məni 40 min manatı mənimsəməkdə ittiham edirlər. Mən, sadəcə, mühasiblə banka gedib sənədləri imzalamışam. Mən rəhbər kimi Xəlilova inanırdım. Onun pulları nəyə xərclədiyini bilmirəm. Onun göstərişlərini yerinə yetirirdim. Sonra biz əmlak satdıq və banka 610 min manat ödədik", o deyib. Onun sözlərinə görə, Cahangir Hacıyevi ancaq televizorda görüb, şəxsən tanımır.

Məni 40 min manatı mənimsəməkdə ittiham edirlər. Sadəcə, mühasiblə banka gedib sənədləri imzalamışam. Mən rəhbər kimi Xəlilova inanırdım. Onun pulları nəyə xərclədiyini bilmirəm.
Sərxan Rəsulov, müttəhim

Prosesdə fasilə elan edilib.

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib.

Hacıyev və digər yeddi nəfər külli miqdarda ziyan vurmaqla sui-istifadə, dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətini aşmaq, rüşvət verməkdə təqsirli bilinib.

Dekabrın sonunda baş prokuror bildirib ki, Cahangir Hacıyevə qarşı yeni maddə - külli miqdarda vəsaitin mənimsənilməsi, cinayətkar yolla əldə edilmiş vəsaitin leqallaşdırılması, vergidən yayınma və s. üzrə ittiham irəli sürülüb.

O, real dəyəri olmayan veksellerin alqı-satqısına dair ümumı məbləği 3.4 milyard dollar və 987 milyon avro həcmində sövdələşmələr bağlamaqda ittiham olunur.

Istintaqın bildirdiyinə görə, Cahangir Hacıyevin göstərişi ilə ümumi məbləği 900 mln. manat həcmində pul vəsaitinin manat və xarici valyutada leqallaşdırılması məqsədilə çoxsaylı kredit müqavilələri bağlanıb. Həmin vəsaitlər mənimsəmə məqsədilə bankın hesabından başqa hesablara köçürülüb.

İstintaq Hacıyevi keçmiş deputat Dünyamin Xəlilov və digər 20 nəfərlə birlikdə 4,7 milyard manatı məminsəməkdə ittiham edib.

Bundan əlavə, istintaqın məlumatına görə, Cahangir Hacıyev Dünyamin Xəlilov (2011-2014-cü illərdə "Aztorq" MMM-nin faktiki rəhbəri olub) ilə birlikdə 1 milyon 752 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməyib.

Cahangir Hacıyev və Dünyamin Xəlilov bütün ittihamları rədd edir.

XS
SM
MD
LG