Oktyabrın 12-də Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər edib. Xarici ölkələrin nümayəndələri raket zərbəsi nəticəsində həlak olan insanların xatirəsini yad edib, onların həlak olduğu binanın qalıqları üzərinə gül dəstələri düzüb
Azərbaycanın Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 11-də gecə saatlarında Ermənistan Silahlı Qüvvələri cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbəsi endirib.
Şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarının ağır artilleriyadan atəşə tutulması nəticəsində 4-ü qadın olmaqla, 10 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Diplomatları Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və digər rəsmi şəxslər müşayiət edib.
Gəncə şəhərinin icra hakimiyyəti başçısı Niyazi Bayramov bildirib ki, raket zərəbəsi nəticəsində ziyan çəkən 150-dək sakin icarəyə götürülmüş mənzillərdə yerləşdirilib.
“Artilleriya zərbəsi nəticəsində şəhərin mülki infrastrukturuna ciddi ziyan dəyib. Onadək çoxmənzilli bina, yüzdən çox obyekt dağılıb. Hazırda dəymiş ziyanın miqdarı müvafiq qurumlar tərəfindən dəqiqləşdirilir. Dağılmış evlər və obyektlər tam bərpa ediləcək,” o qeyd edib.
Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda insanın qətlə yetirilməsi məqsədi daşıyır.
“Əcnəbi diplomatlar və Bakıda akkreditə olunmuş beynəlxalq təşkilatların rəhbərləri Ermənistanın baş nazirinin Gəncə şəhərinin dinc sakinlərinə qarşı sifariş verdiyi hərbi cinayəti öz gözləri ilə gördülər. Günahsız qurbanların xatirəsini yad etmək üçün əraziyə çiçəklər qoydular,” prezidentin köməkçisi Twitter səhifəsində yazıb.
Onun sözlərinə görə, təmas xəttindən uzaqda yerləşən Gəncə şəhəri Ermənistanın Vardenis rayonundan atəşə tutulub. Eyni zamanda, Azərbaycanın sənaye şəhəri olan Mingəçevir şəhəri, o cümlədən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyası Ermənistan tərəfindən raket atəşinə məruz qalır.
Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov bildirib ki, Gəncə şəhərinə dəymiş ziyanın qiymətləndirilməsi məqsədilə nazirliyin xüsusi komissiyası işləyir.
Ermənistan tərəfi Gəncə şəhərinin və digər mülki obyektlərin Ermənistan Silahl Qüvvələrim tərəfindən atəşə tutulması barədə məlumatları təkzib edib və `yalan` adlandırıb.
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda akreditə olunmuş xarici ölkə diplomatlarını qəbul edib və Dağlıq Qarabağ problemi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə bildirib ki, baş nazir Nikol Paşinyan döyüş bölgəsində humanitar atəşkəs elan edilməsi barədə əldə edilmiş razılığa görə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə və xüsusilə Rusiya prezidenti Vladimir Putinə səylərinə görə minnətdarlıq edib.
Kopırkin deyib ki, Rusiya tərəfi humanitar atəşkəsin reallaşması üçün bütün mümkün vasitələrdən istifadə edir.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında Moskvada keçirilən görüşün sonunda yayılan bəyanata əsasən Azərbaycan və Ermənistan qüvvələri arasındakı təmas xəttində atəşkəs elan olunub.
Bəyanatda deyilir ki, tərəflər bu razılığa Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyanın razılaşmasına əsasən gəliblər.