Accessibility links

Diplomatlar Mehman Hüseynovla görüşüb


Yanvarın 11-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin müraciəti əsasında bir sıra Avropa İttifaqı ölkələrinin səfirliklərinin məsul diplomatlarının təcridxanada Mehman Hüseynovla görüşü təşkil olunub. Bu barədə Trend agentliyi diplomatik dairələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə Aİ-nın Bakı nümayəndəliyinın rəhbərinin müavini, Fransa, Hollandiya, Böyük Britaniya, Çex Respublikası və Almaniya səfirliklərinin əməkdaşları iştirak ediblər. Onlar yerində Mehman Hüseynovun saxlanma şəraiti və səhhəti ilə tanış olublar.

Agentlik görüşü əks etdirən foto da yayıb.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi Avropa İttifaqı ölkələrinin Bakıdakı səfirliklərinin diplomatlarının blogerlə görüşünün olduğunu Amerikanın Səsinə təsdiq edib.

“Bəli, diplomatlar yanvarın 11-də Mehman Hüseynovla görüşüb, onun saxlanma şəraiti ilə tanış olub, konfidensial şəraitdə söhbət ediblər”, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

Bununla yanaşı, görüşdə iştirak edən diplomatik nümayəndəliklər hələ hər hansı məlumat yaymayıb.

Mehman Hüseynovun vəkilləri də görüş barədə məlumatsızdır.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

O, həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.

Beynəlxalq ictimaiyyət blogerə dəstək verməkdə davam edir. ABŞ senatoru Marko Rubio, ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit, ATƏT-in və Avropa Şurasının media azadlığı üzrə komissarları, Avropa Şurası Paplament Assambleyasının Azərbaycan üzrə məruzəçiləri, Fransa Xarici İşlər Nazirliyi, Böyük Britaniya parlamentinin üzvü, çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Mehman Hüseynovu həbsdən azad etməyə çağırıb.

Azərbaycan rəsmiləri ölkədə insan hüquqlarının durumu ilə bağlı beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Rəsmi Bakı bir qayda olaraq bütün fundamental azadlıqların tam təmin edildiyini, siyasi məhbusların olmadığını bildirir.

XS
SM
MD
LG