Avropa Şurasının sədri Donald Task Britaniyaya növbəti aprelə qədər Avropa Birliyindən çıxmağa dair uyğun plan hazırlamasına icazə verilməsini istəyir.
Britaniya baş naziri Tereza Mey cümə günü son möhlətin iyunun 30-na qədər uzadılmasına dair Taska daha bir rəsmi müraciət ünvanlayıb.
Son möhlətin uzalılmasına dair müraciət Avropa Birliyinin liderləri tərəfindən təsdiq olunmalıdır. Bu isə Britaniyaya ölkə parlamenti ittifaqdan çıxmaqla bağlı razılıq əldə etdiyi təqdirdə Avropa Birliyini son möhlət bitmədən tərk etmək imkanı verəcək.
Britaniya əvvəl martın 29-na dək ittifaqı tərk etməli idi. Lakin Mey hökumətinin parlamentin dəstəkləyəcəyi həll yolunu tapa bilməsi üçün Avropa İttifaqından müddətin bir qədər uzadılmasını istəyib.
Bu proses uzandığından, parlament məsələ ilə bağlı öz yolunu seçmək qərarına gəlib. Lakin bazar ertəsi bir neçə səsvermə nəticəsində qanunvericilər irəli sürülən dörd mümkün seçimin hər birinin əleyhinə səs verib.
Qəbul edilməyə ən yaxın yeganə seçim Britaniyanın gömrük birliyində qalmaq şərti ilə Avropa Birliyindən çıxması olub.
Avropa İttifaqının təyin etdiyi ən son möhlət aprelin 12-də bitir. Lakin Britaniya qanunvericiləri hələlik ittifaqdan çıxmaq barədə heç bir qərar qəbul etməyib.
Britaniya mayın 23-də Avropa Parlamentinə yeni nümayəndəsini seçmək üçün hazırlıqlara başlayır.