Accessibility links

Donald Trampın özəl xeyriyyə fondu məhkəməyə verilir


Nyu-York ştatının baş prokuroru bildirib ki, o, Donald Trampın özəl xeyriyyə fondunu məhkəməyə verir. Baş prokuror qurumu “davamlı qanunsuz davranışda” ittiham edir.

Baş prokuror Barbara Andervudun ittihamnaməsinə görə, Trump Foundation fondu özünün bir sıra aktivlərini Trampın hüquq xərclərinə və onun prezident kampaniyasına ödənişlər edərək ştat və federal qanunları pozub.

Məhkəmə ittihamnaməsində Nyu-Yorkda yerləşən xeyriyyə fondunun ləğvi istənilir.

Tramp bu ittihamnaməni “gülünc” adlandırıb və Twitter-də yazıb ki, o, “bu məhkəmə işinə qarışmayacaq”.

İtthamnamə Tramp və onun yoldaşları üçün getdikcə artmaqda olan hüquqi problemlərdən biri olacaq.

Xüsusi prokuror Robert Müller prezidentin adamlarının Rusiya rəsmiləri ilə mümkün əlaqələrinə dair cinayət təhqiqatı aparır.

Artıq indiyədək ABŞ dövlət başçısının keçmiş kampaniya başçısına və onun ilk milli təhlükəsizlik müşavirinə qarşı cinayət işləri qaldırılıb.

Bundan başqa FTB xəfiyyələri Trampa uzun müddətdən bəri vəkillik edən Maykl Kohenin ofisinə reyd keçirərək minlərlə sənəd və email-i müsadirə edib.

Ötən aprel ayında federal hakimlərdən biri demişdi ki, ABŞ prokurorları böyük bir ehtimalla Kohenə qarşı cinayət işi qaldıracaqlar.

Trampa qarşı habelə bir sıra defamasiya və başqa mülki məhkəmə iddiaları qaldırılıb. Bunların arasında onun hələ prezident olmazdan əvvəl onlarla nikahdankənar münasibətlərdə olmasını iddia edən iki qadın da var.

Onlar Trampdan susmaq müqabilində pul aldıqlarını bildiriblər.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG