Argentinada Böyük İyirmiliyin (G20) sammitində iştirak edən ABŞ prezidenti Donald Tramp Amerikanın Səsinin müxbiri Qreta Van Sasterenə eksklüziv müsahibə verib.
Müsahibədə Tramp ABŞ, Meksika və Kanadanın əldə etdiyi yeni ticarət razılığından bəhs edib. O, yeni razılığın NAFTA-dan daha yaxşı olduğunu və müsbət rəylər aldığını deyib. Onun sözlərinə görə, bu razılıq hər üç ölkə üçün yaxşı nəticələr verəcək.
"Bu razılıq NAFTA-dan daha yaxşıdır. Bu, Birləşmiş Ştatlar üçün əla sazişdir və bizim çox xoşumuza gəlir. Biz onunla bağlı gözəl rəylər almışıq. Mən hələ bir nəfərin razılıqla bağlı mənfi nəsə dediyini eşitməmişəm. Hər kəsin çox xoşuna gəlib," deyə Tramp bildirib.
Donald Tramp həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Meksika Kanada Razılığı (USMCA) adlı bu saziş avtomobil şirkətlərinin, habelə digər şirkətlərin öz zavod və iş yerlərini başqa ölkələrə köçürmələrinin qarşısını alacaq.
Donald Tramp Konqresin razılığı təsdiq edəcəyinə dair nikbinliyini ifadə edib.
Qreta Van Sasterenin yaxın gələcəkdə qlobal iqtisadiyyata ən böyük real təhlükə olaraq nəyi gördüyünə dair suala Tramp cavab olaraq, çox sayda təhlükələrin olduğunu və bir çox ölkənin Birləşmiş Ştatlardan sui-istifadə etdiyini deyib.
“Bizim təxminən $800 milyard dollarlıq ticarət defisitimiz var və mən bunu dəyişirəm. Biz NAFTA-nı əvəz edən USMCA ilə başladıq,” o deyib.
Donald Tramp həmçinin Rusiya prezidenti Vladimir Putinlə təxirə saldığı görüşü barədə danışıb. O deyib ki, Ukrayna gəmiləri və gəmiçilərinin başına gələnləri nəzərə aldıqda, Putinlə görüşmək doğru olmazdı. Lakin o, ABŞ-ın Rusiya ilə çox gözəl münasibətlərinin olacağına inandığını və müvafiq zamanda Putinlə görüşəcəyəini deyib.
“Mən onun düşüncələrini bilmirəm, o nə etdiyini bilir, amma biz onun bəzi şeyləri etməsinə icazə verə bilmərik. Belə bir hadisə baş verdi və mən bunun bir hissəsi ola bilmərəm,” Tramp deyib.
ABŞ prezidenti sərhəd təhlükəsizliyi məsələsinə də toxunub və ölkədə sərhəd təhlükəsizliyinin artırılacağını söyləyib. O, ölkəyə qanunsuz miqrant buraxmayacağını bildirib.
“Biz insanların qabiliyyətləri əsasında ölkəyə daxil olmalarına icazə verəcəyik. Bilirsiniz ki, ölkədə işsizlik son 51 ilin ən aşağı səviyyəsindədir. Bizim bu ölkədə insanlara ehtiyacımız var,” Tramp söyləyib.
O deyib ki, Konqres sərhəddə divarın inşası üçün tələb olunan 5 milyard dolları təsdiq etməsə belə, onlar başqa yollara əl atacaqlar, çünki, onun sözlərinə görə, onun admnistrasiyası insanların son on ildə olduğu kimi ökəyə axın etməsinə icazə verməyəcək. “Sərhəd yoxdursa, ölkə olmur”, o deyib.
Tramp həmçin qeyd edib ki, media iqtisaiyyatda baş verən müsbət dəyişikləri görür, lakin bunu dilə gətirmir, “çünki bu mənimlə bağlı yaxşı xəbərdir. Mən onları saxta xəbər adlandırıram, saxta media yox, mən deyirəm ki, onların xəbərləri saxtadır.”