Accessibility links

Donald Tramp işini xəstəxanadan davam etdirəcək


ABŞ Dəniz Donanmasının komandiri və Prezident Donald Trampın həkimi Dr. Şon Konli COVID-19-a yoluxan prezidentin "vəziyyətinin yaxşı" olduğunu deyib.

"Mən hazırda prezidentdəki irəliləyişdən tamamilə razıyam. Cümə axşamı onda yüngül öskürək, burun tutulması və yörğunluq var idi, indi isə bu simptomların hər biri düzəlir və yaxşılaşır," Konli xəstəxananın önündə müxbirlərə bildirib.

ABŞ Prezidenti Donald Tramp cümə günü axşam saatlarında xəstəxana palatasından Twitter-də: “Məncə, yaxşı keçir. Hər kəsə təşəkkür edirəm! SEVGİLƏR!” yazıb.

Prezidenti həkimi Dr. Şon Konli cümə günü Ağ Evin mətbuat katibi Kayli MakEnaniyə göndərdiyi memorandumda bildirib: “Mən bu axşamı Prezidentin vəziyyətinin çox yaxşı olduğunu bildirdiyimə görə şadam. Onun əlavə oksigenə ehtiyacı yoxdur, amma müətəxəssislərlə məsləhətləşmə nəticəsində Remdesivir müalicəsinə başlamağa qərar vermişik. Ona ilk doza artıq vurkub və o hazırda istirahət edir.”

Tramp cümə gündüz saatlarında Ağ Evdən helikopterlə yaxınlıqdakı hərbi hospitala köçürülüb. Onun orada bir neçə gün qalacağı gözlənilir.

Ağ Evin Cənub Bağçasında müxbirlərə baş barmağı hərəkəti edən Tramp Marine One helikopterində Merilendin Betesda şəhərində yerləşən Volter Rid Milli Hərbi Tibb Mərkəzinə aparılıb. Xəstəxanada prezidentlər üçün işlərini davam etdirə biləcəkləri ayrı palata var.

Donald Tramp
Donald Tramp

“Prezident həkimi və tibbi ekspertlərin məsləhəti ilə hər ehtimala qarşı növbəti bir neçə gün ərazində Volter Rid Xəstəxanasındakı prezident ofisindən işləyəcək,” MakEnani bəyanatda bildirib.

Ağ Evin məlumatına görə, xəstəxanaya yerləşdirilmiş 74 yaşlı prezident hakimiyyəti müvəqqəti olaraq rəsmi iqamətgahı olan ABŞ Hərbi Dənizçilik Rəsədxanasında yaşayan vitse-prezident Mayk Pensə ötürməyib.

“Trampın əhval-ruhiyyəsi yaxşıdır, onda yüngül simptomlar var və o gün boyu işləyib,” mətbuat katibi bildirib.

Donald Trampın həkimi, eyni zamanda ABŞ Hərbi Donanmasının komandiri olan Şon Konli birinci ledidə yüngül öskürək və baş ağrısının olduğunu, ailənin digər üzvlərinin testlərinin nəticələrinin isə mənfi çıxdığını bildirib.

Prezident noyabrda keçiriləcək prezident seçkisinə bir ay müddət qala xəstələnib. Onun Demokratlar Partiyasından rəqibi Co Bayden cümə günü “Birləşmiş Ştatlar prezidenti və birinci ledinin sağlamlığı və təhlükəsizliyi üçün dualarını göndərdiyini” bildirib.

Donald Tramp və Co Bayden arasında ilk debat
Donald Tramp və Co Bayden arasında ilk debat

Bayden həmçinin əlavə edib ki, prezidentin COVID-19 testinin müsbət çıxması “hər birimizə bu virusa ciddi yanaşmalı olduğumuzu xatırladır.”

Tramp və Bayden çərşənbə axşamı Ohayonun Klivlend şəhərində keçirilən debat səhnəsində bir-birilərindən 4 metr uzaqda çıxış edirdilər. Baydenin seçki kampaniyası sabiq vitse-prezidentin koronavirus testinin nəticələrinin mənfi çıxdığını bildirib.

XS
SM
MD
LG