Accessibility links

Tramp Federal Təhqiqat Bürosunun onun Floridada Mar-a-Laqo iqamətgahında reyd keçirdiyini bildirib


ABŞın keçmiş prezidenti Donald Trampın bildirdiyinə görə, Federal Təhqiqat Bürosunun agentləri onun Florida ştatında Palm-Biçdəki Mar-a-Laqo malikaqnəsində reyd keçirib.

“Mənim Florida ştatının Palm-Biç şəhərində Mar-a-Laqodakı gözəl evim hazırda mühasirədədir, orada reyd keçirilir, Federal Təhqiqat Bürosunun agentlərinin böyük bir qrupu tərəfindən zəbt edilib. Müvafiq dövlət qurumları ilə işlədikdən və əməkdaşlıq etdikdən sonra evimə bu gözlənilməz basqın nə lazım idi, nə də məqsədəuyğun idi” - deyə, Tramp bazar ertəsi axşam açıqladığı bəyanatında bildirib.

Medianın məlumatına görə, axtarışın səbəbi aydın deyil. Bununla belə, Ədliyyə Nazirliyi 2021-ci ilin yanvarında Ağ Evi tərk etdikdən sonra Trampın Floridadakı iqamətgahına aparılan sənəd qutularındakı məxfi məlumatları fəal şəkildə araşdırır.

Bazar ertəsi Nyu-Yorkda olan Tramp reydin nəyə görə keçirildiyini i açıqlamayıb. Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyi Trampın bəyanatı ilə bağlı dərhal şərh verməyib.

Ədliyyə Nazirliyinin sözçüsü Dina Ayverson Associated Press xəbər agentliyinə axtarışla bağlı şərh verməkdən imtina edib. Medianın verdiyi məlumata görə, Ayverson axtarışa baş prokuror Merrik Qarlandın şəxsən icazə verib-vermədiyi ilə bağlı da şərh verməkdən imtina edib.

Davam edən istintaqı müzakirə etmək üçün adının çəkilməməsi şərti ilə danışan bir şəxs Associated Press agentliyinə axtarışın bazar ertəsi səhər baş verdiyini deyib.

Bu ilin əvvəlində Milli Arxivlər və Qeydlər İdarəsi Trampın Mar-A-Laqo iqamətgahında 15 qutuda məxfi materialların aşkar edildiyini bildirib və sonradan işi Ədliyyə Nazirliyinə göndərib.

1978-ci il Prezident Sənədləri haqda Qanuna əsasən bütün prezident sənədləri ictimaiyyətə məxsusdur və baş komandan vəzifəsini tərk edən kimi avtomatik olaraq Milli Arxivə təhvil verilir. Bütün prezident kitabxanaları və muzeyləri Milli Arxivin bir hissəsidir.

“Prezident sənədləri ABŞ hökumətinin mülkiyyətidir və Milli Arxiv tərəfindən idarə olunur. Beləliklə, hədiyyə edilməsi və ya əldə edilməsindən asılı olmayaraq, Milli Arxivdə saxlanılan bütün prezident sənədləri, materiallar və qeydlər Prezident Qeydləri Aktı ilə idarə olunan federal hökumətə məxsusdur,” Agentliyin baş əməliyyat müdirinin müavini vəzifəsini icra edən Meqan Rayan Qutorn bu ilin əvvəlində Amerikanın Səsinə bildirib.

Keçmiş prezident hökuməti “prokurorun qanunsuz davranışında” ittiham edərək, reydin “ədliyyə sisteminin silahlandırılmasına” bərabər olduğunu deyib.

“Bundan əvvəl ABŞ prezidentinin başına belə bir şey gəlməmişdi,” Tramp deyib .

Tramp Federal Təhqiqat Bürosu agentlərinin hətta onun evindəki seyfi sındırdıqlarını bildirib.

Hadisələr Trampın 2024-cü ildə prezident seçkilərində böyük ehtimalla prezident Co Baydenə qarşı revanş yarışında potensial namizəd olmağa hazırlaşdığı vaxta təsadüf edir. O, Demokratları onun yenidən namizədliyini irəli sürməsini “qətiyyətlə” istəməməkdə günahlandırıb.

XS
SM
MD
LG