Yanvarın 25-dən başlayaraq Azərbaycanda bütün ümumtəhsil məktəblərində və uşaq bağçalarında “donuz qripi” təhlükəsi ilə bağlı dezinfeksiya işlərinə başlanıb. Şagirdlər tətildə olduğundan məktəblərdə dezinfeksiya işləri gün ərzidnə, uşaq bağçalarında isə saat 18-dən sonra aparılır.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildirblər.
Öz növbəsində, Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov Amerikanın Səsinə deyib ki, artıq Bakı şəhəri və Abşeron yarımadasında 323 ümümtəhsil məktəbində və 240 uşaq bağçasında dezinfeksiya işləri başa çatdırılıb.
Onun sözlərinə görə, indiyədək ölkə ərazisində şübhə doğuran 300-dək insandan nümunələr götürülüb və laborator analizləri nəticəsində H1N1 virusu aşkar edilməyib.
Xatırladaq ki, Azərbaycanla qonşu olan Rusiya, İran, Türkiyə, Ermənistan və Gürcüstanda çoxsaylı insanın donuz qripi xəstəliyinə yoluxması qeydə alınıb. Onlarla insan bu xəstəlikdən dünyasını dəyişib. Yalnız, Rusiyada son məlumnatlara görə 107 nəfər ölüb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin mətbuat xidməti bildirir ki, indiyədək A(H1N1) virusu Azərbaycanın sərhəd gömrük-keçid məntəqəlırində qeydə alınmayıb.
“Hər hansı potensial təhlükəli halın vaxtında müəyyən edilməsi və qarşısının alınması üçün bir sıra vacib və profilaktik tədbirlər davamlı surətdə aparılır, ümumi vəziyyət nəzarət altındadır. Dövlət GömrükKomitəsivə Səhiyyə Nazirliyinin müvafiq qurumları qarşılıqlı əlaqədədir, sərhəd gömrük-keçid məntəqəlırində zəruri olan dezinfeksiya və digər əks-epidemik tədbirlər həyata keçirilir. Gömrük-keçid məntəqələrində quraşdırılmış yüksək hərarəti müəyyən edən termovizorlar vasitəsilə vəziyyətə nəzarət olunur. Ölkəyə gələn şəxslər üzərində vizual müşahidə aparılır, yüksək hərarəti və xəstəliyə yoluxma əlamətləri aşkar edilərsə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, mətbuat xidməti qeyd edir.
Səhiyyə Nazirliyi isə əhaliyə xatırladır ki, "donuz qripi" mövsümi qripdən daha ağır cərəyan edir (http://health.gov.az/files/pdf/h1n1_mualice.pdf). Hava-damcı yolu ilə yoluxan xəstəliyin intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, tənginəfəsliklə müşahidə olunur. Mövsümi qripdə ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda bu virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən ağ ciyərlər zədələnir.
A (H1N1) qrip virusu (donuz qripi) ilk olaraq 15 aprel 2009-cu ildə ABŞ-da və Merksikada qeydə alınıb. O zaman Amerika qitəsində bu virusdan minlərlə insan dünyasını dəyişib.
Azərbaycanda 2010-cu ilin yanvar ayında A (H1N1) qripinin 14 halı qeydə alınıb. Bu qripə yoluxanların 5-i qadın və 9-u kişi, 9-u 18 yaşadək və 5-i 18 yaşdan yuxarı insanlar olub.