Accessibility links

Milli Məclis 2016-cı il dövlət büdcəsinin müzakirəsinə başlayıb


Milli Məclis
Milli Məclis

Oktyabrın 13-də Milli Məclisin plenar iclasında 2016-cı il üçün büdcəsi zərfinin müzakirəsi başlayıb.

Büdcə zərfinə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə yanaşı, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında", habelə "Dövlət rüsumu haqqında" Qanunda dəyişikliklər edilməsi barədə, Milli Məclisin 2016-cı il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihələri daxildir.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, dünyada baş verən maliyyə-iqtisadi böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. Azərbaycan büdcəsi bu il də sosial yönümlülüyü ilə seçilib. Ölkənin müdafiə gücünün saxlanması və təhlükəsizliyinə diqqət həmişə olduğu kimi yüksək olub və bu il də bu məqsədlə kifayət qədər vəsait ayrılıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin fikrincə, dünyanın 130 ölkəsi arasında yaxşı mənada borclanmaya görə Azərbaycan sonuncu üçüncü-dördüncü yeri tutur.

Onun sözlərinə görə, qlobal iqtisadi böhran şəraitində Azərbaycanın da problemləri var.

“Odur ki, bizim hədəflərimiz yaranmış əlverişli demoqrafik siyasətə uyğun olaraq yeni iş yerləri yaradılmasıdır. İndiki şəraitdə 30 min iş yerinin bağlanması Azərbaycan üçün ciddi məsələdir. Biz bu məsələni sistemli şəkildə təhlil etməliyik”.

Komitə sədrinin dediyinə görə, yaxın zamanlarda Vergilər Məcəlləsinə növbəti dəfə dəyişiklik ediləcək ki, bu da birbaşa sahibkarlığın inkişafına yönələcək.

Z.Səmədzadə qeyd edib ki, “Müflisləşmə və iflas haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanun layihələrində dəyişiklik artıq birinci oxunuşda təsdiq edilib.

"Hər 3 qanuna edilən dəyişikliklə müddət konkretləşməsi aparılıb. “Banklar haqqında” qanuna edilən dəyişikliklə aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq həyata keçiriləcək”.

Digər sadalanan qanunlara edilən dəyişikliklər də bu müddəti 30 gün edib.

“Müflisləşmə və iflas haqqında”qanun layihəsinə edilən dəyişikliklə səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı müavfiq olaraq ”İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunun tələbləri nəzərə alınaraq müflis elan ediləcək", komitə sədri qeyd edib.

Maliyyə naziri Samir Şərifovun fikrincə, Azərbaycanın qonşu ölkələrində, xüsusilə Rusiyada baş verən tənəzzül Müstəqil Dövlətlər Birliyi ölkələrinə təsir edib.

Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlılığını saxlayıb.

“Cari ildə Azərbaycan iqtisadiyyatı 3,7% artıb. Həmin dövrdə qeyri-neft sektorunda 6,4% artım qeydə alınıb. Ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin azaldılması üçün büdcə-fiskal tədbirləri görülüb".

Nazir bildirib ki, 2016-cı ilin dövlət büdcəsinin gəlirləri ÜDM-in 25,2%-i olmaqla, mütləq ifadədə 14,566 mlrd. manat nəzərdə tutulub ki, bu da 2015-ci ilin göstəricisindən 4,872 mlrd. manat və ya 25,1% azdır. 2016-cı ilin dövlət büdcəsinin gəlirlərinin 46,5%-i və ya 6,773 mlrd. manatı qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək.

"2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır. Gələn il həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək. 2016-cı ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1 mlrd. 590 mln. manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir. Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 3,8% səviyyəsində olacaq", o qeyd edib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev hesab edir ki, 2016-cı ilin dövlət büdcəsində və inkişaf konsepsiyasında makroqitisadi sabitliyin qorunması, diversifikasiyanın sürətlənməsi müəyyən edilib.

Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondu ilin sonuna kimi Azərbaycanın iqtisadi inkişaf artımını 4 faizə qədər artırıb.

Nazir deyib ki, gələn il tikinti sektorunda 4,6 faiz azalma olacaq.

"İnformasiya və rabitə texnologiyaları sahəsində inkişaf davam edəcək. Bu ilin sonuna 13,3 faiz artım nəzərdə tutulur, növbəti üç ildə isə 10, 3 faiz artım proqnozlaşdırılır. Gələn ildə yoxlamaların azaldılması, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi tədbirləri sürətləndiriləcək. Sosial proqramın icrası təmin ediləcək. Orta aylıq əmək haqqı artaraq 475,5 manat təşki edəcək".

Mustafayevin sözlərinə görə, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına 18,8 mlrd. manat həcmində investisiya yatırılacaq.

“Gələn il neft sektoruna 8 mlrd. manat, qeyri-neft sektoruna isə 10,8 mlrd. manat investisiyanın yatırılacağı gözlənilir”, o qeyd edib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib ki, dünyada geosiyasi və geoiqtisadi gərginliklər artıb. Ticarət və valyuta məzənnələri müharibələri kəskinləşib.

E.Rüstəmov bildirib ki, ölkədə 2011-ci ildə idxal ixracatda profisit 14 milyard, 2014-cü ildə 10 milyard idisə, bu ilin sonuna cəmi 2 milyard olacaq.

Onun sözlərinə görə, valyuta gəlirlərinin planlaşdırılması əsas şərtlərdən biridir.

“Devalvasiyanı sürətləndirən amil ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının devalvasiyasıdır. Bu da milli istehsalçıların rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Biz ötən il 15 milyard valyuta ehtiyatlarını daxili bazardan almışdıq. Hazırda ölkədə dollarlaşma səviyyəsi 10 il bundan əvvəlki səviyyədədir. Bütövlükdə may-iyul ayında sakitlik yaranmışdı, hətta biz valyuta bazarından valyuta alırdıq. Yarım milyarddan çox vəsaitini banklar bizə verərək dollar almışdılar. Ancaq avqust ayında Qazaxıstan pulunun yenidən devalvasiyası əhalidə müəyyən gərginliyə səbəb oldu. Mərkəzi Bank yenidən valyuta bazarına qayıtmağa məcbur oldu. Hazırda bizim valyuta ehtiyatlarımız 7 milyard dollar səviyyəsindədir. Hökumətlə birgə iqtisadiyyata yardım etmək üçün 1,2 milyard manatlıq yardım layihəsi imzaladıq”.

Baş bankir əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır.

"Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq. Manatın məzənnəsi neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq. Göründüyü kimi, məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir”.

Rüstəmov bildirib ki, hazırda banklar iqtisadiyyatı kreditləşdirdməkdə davam edir.

“Vaxtı keçmiş kreditlərin faizi 6,5-dir. Banklar ən pessimist situaisyada belə, öz ödəniş sistemini qoruyub saxlaya biləcək. Əlamətdar haldır ki, banklar kreditlərin faiz dərəcələrini azaldır, hətta bəzi banklar faiz almırlar. Həmçinin, ödəmə müddətlərini də artırırlar. Sağlamlaşdırma tədbirləri çərçivəsində Mərkəzi Bankın alacağı vəsait ölkədə ipoteka vəsaitlərinin artırılmasına, faiz dərəcələrinin azaldılmasına, kreditlərin ödəmə vaxtının uzadılmasına səbəb olacaq. Ölkədə 7,5 milyard kreditləşmə aparılıb ki, onun da 5 milyardını biznes kreditləri təşkil edir”.

Onun sözlərinə görə, İpoteka Fondunun xətti ilə 700 milyon vəsait ayrılıb ki, ondan da 17500 ailə yararlanıb.

Rüstəmov bu ildə inflyasiyanın birrəqəmli olacağını deyib.

“8 ayda orta illik inflyasiya 3,8% təşkil edib ki, bu da tərəfdaş ölkələrdəki səviyyədən 8,3% aşağıdır", o qeyd edib.

XS
SM
MD
LG