Accessibility links

Xarici turistlər göyərçinlərlə "rəhmsiz rəftara" görə cərimələnib


Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi Azərbaycanda göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlərin cərimələndiyi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, aparılan monitorinqlər zamanı Ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonunun Acınohur ərazisində (Bakıdan 379 kilometr şimal-qərb) mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb.

Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.

Nazirlik göyərçinlərlə hansı formada rəhmsiz rəftar edilməsi və neçə nəfərin cərimə edilməsi və cərimənin miqdarı barədə məlumat verməyib.

Nazirliyin məlumatı sosial şəbəkələrdə tənqidlərə səbəb olub.

Eko-aktivist Cavid Qara ərəb turistlərinin göyərçinləri drona bağlayıb şahinlərin yeminə çevirməsini, ərəb turistlərin qoruq ərazisində ov düşərgəsi qurmasını əks etdirdiyi bildirilən video yayıb.

"Son günlər ov mövsümünün bitməsinə və karantin qaydalarına baxmayaraq əcnəbi turistlərin Qax Dövlət Yasaqlığında Acınohur düzündə ov düşərgəsi qurması, çöl göyərçinlərini ov şahinlərinə diri-diri yem etməkləri ilə bağlı ictimaiyyətin narahatçılığını mən də bir insan, heyvansevər aktivist, Azərbaycan vətəndaşı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü kimi bölüşürəm," o yazıb.

“ETSN-nin peşəkarlıqdan uzaq açıqlamaları, adekvat olmayan reaksiyası və ən əsası ov düşərgəsinin bu gün də davam etməsi məni ciddi şəkildə narahat edir.

Azərbaycan Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 2 nömrəli qərarının 4.6 bəndinə əsasən ETSN Yasaqlıq ərazisində nəinki ov edilməsini, hətta düşərgə qurulmasını, ocaq qalanmasını və kütləvi idman tədbirlərinin keçirilməsini qadağan edə və ya məhdudlaşdıra bilər. ETSN-ni dərhal bu qanunsuzluğa son verməyə və ov düşərgəsini ərazidən çıxarmağa çağırıram. Əks halda bu işlərin ETSN-in razılığı və ya iradəsizliyi üzündən baş verdiyini düşünməmək sadəlövlük olardı. Eyni zamanda, Daxili İşlər Nazirliyiindən və Baş Prokurorluqdan mövcud vəziyyətə dərhal hüquqi qiymət verməsini xahiş edirəm,” eko-aktivist qeyd edib.

Vəkil Aqil Layic nazilikdən sual edir ki, göyərçinlərlə rəhmsiz rəftara görə turistlər hansı maddə ilə cəzalandırılıb?

“Deyin maariflənək. Ev quşuna görə adamı cərimə edirlər? Mən bu ölkənin vətəndaşı ola-ola qoruq və ya yasaqlıq ərazisinə girən kimi əməkdaşlarınız qadağa edir, amma ərəblər ora hansı yolla girib kef edirlər, niyə?!” vəkil soruşur.

İctimai fəal Bəxtiyar Hacıyev yazır ki, ərəblərin drona göyərçin bağlayıb, ov seyrangahı qurduqları yer dövlət yasaqlığıdır. Onun qənaətincə, hazırda ölkəyə turist girişi qadağandır.

“Ov mövsümü bitmişdir. Dronların uçurulması üçün nə qədər icazə, lisenziya lazımdır. Bütün bu və digər qanun pozuntularının aşkar göründüyü, ərəblərin dron arxasına canlı göyərçin bağlayıb, şahinlərə yem etməkləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi açıqlamaya baxın. "Göyərçinlərlə rəhmsiz rəftara görə cərimə" ... Yox bir, göyərçinlərin xətrinə dəydiklərinə görə,” Hacıyev qeyd edib.

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib ki, ölkəyə dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur.

“Qanunvericiliyə görə, mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. İndiyədək mövcud olan qaydaya görə, ölkəyə dron gətirmək istəyənlər Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinə müraciət etməli və əlavə olaraq 4 qurumun - Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti və Müdafiə Nazirliyinin də icazəsini təqdim etməlidir. İndi də Daxili İşlər Nazirliyinə də dronların gətirilməsinə icazə verilməsi üçün səlahiyyətlər istəyib. Bir neçə gün öncə prezidentin fərmanı ilə DİN-ə də belə bir səlahiyyət verilib. Beləliklə, dron gətirilməsi üçün hazırda 6 dövlət qurumunun icazəsi tələb olunur,” ekspert qeyd edib.

Beləliklə, ərəb turistlərinin ölkəyə dronları keçirmək üçün Azərbaycanın rəsmi qurumlarından icazə alıb-almadıqları, Ekologiya və Təbii Sərvətər Nazirliyinin onları hansı səbəbdən qoruq ərazisində ov düşərgəsi qurmasına, ov etməlsinə biganə qalması və digər məslələrlə bağlı rəsmi qurumlar hələ açıqlama verməyib. Həmçinin eko-aktivistin çəkdiyi videoda ərəb turist Azərbaycanın fövqəladə hallar nazirinin adını hallandırır. Bu nazirlik də hələ turistin dediklərinə münasibət bildirməyib.

XS
SM
MD
LG