Accessibility links

DTİ: Azərbaycan Avropa məhkəməsinin mülkiyyət hüququ qərarı ilə bağlı 354 229,06 avro kompensasiya ödəyib


Mülkiyyət hüuqu ilə bağlı hesabat

Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) araşdırma qrupu Avropa İnsan Hüquqları Məhkəməsinin mülkiyyət hüququ ilə bağlı Azərbaycan barəsində çıxardığı qərarlar və onların icrası vəziyyətinə dair araşdırma sənədi hazırlayıb.

Demokratik Təşəbbüslər İnstitutunun məlumatında deyilir ki, araşdırma sənədi Avropa Məhkəməsi tərəfindən mülkiyyət hüququna dair çıxarılan qərarlarla bağlı vəkillər və şikayətçilərdən alınmış məlumatların nəticələrinə əsaslanıb.

Sənəddə mülkiyyət hüququ və Avropa Məhkəməsinin qərarlarının Azərbaycan qanunvericilik sistemində yeri ilə bağlı hüquqi şərait, Avropa Məhkəməsinin qərarlarının hüquqi təbiəti, onun icrasının hüquqi əsasları və daxili icra mexanizmləri ilə bağlı hüquqi sərhədlərə toxunulub.

Hesabatın tərtib olunması zamanı Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı 37 qərarının araşdırılması nəticəsində məlum olub ki, 33 qərarda göstərilən kompensasiyalar Azərbaycantərəfindən ödənilib. Ümumilikdə 33 şəxs barəsində Avropa məhkəməsi tərəfindən çıxarılan qərarlarda kompensasiyaların miqdarı 354 229,06 avro təşkil edir.

“Lakin daxili məhkəmələrin qərarlarının icrası ilə bağlı 29 qərar Azərbaycan tərəfindən hələ də icra olunmayıb.”

Aparılan araşdırma zamanı məlum oldu ki, təkcə qərarların icrası ilə bağlı yox, həm də qərarların icrası mexanizmində müəyyən boşluqlar var.

“Avropa məhkəməsinin qərarları üzrə konkret olaraq məsul bir dövlət qurumu yoxdur. Əslində, belə bir qurumun bizim ölkədə də yaradılmasına zərurət vardır. Həm də bu qurumun fəaliyyəti ərizəçilər, onların nümayəndələri, bütünlükdə cəmiyyət üçün açıq olmalıdır.

Demokratik Təşəbbüslər İnstitutu Azərbaycan hökumətinə tövsiyyə edir ki, Azərbaycanda mülkiyyət hüququ ilə bağlı problemlərin aradan qaldırılması və Avropa məhkəməsinin mülkiyyət hüququ ilə bağlı qərarları vaxtında və dəqiq icra olunmalıdır.

“Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsi ilə bu sahədə olan qarşılıqlı fəaliyyəti gücləndirilməlidir. Avropa məhkəməsinin çıxardığı qərarların tez və dəqiq icra olunması üçün ayrıca xüsusi qurum yaradılmalıdır. Hakimləri və müxtəlif dövlət orqanlarını bu sahədə baş verən pozuntuların və özbaşınalıqların aradan qaldırılması və maariflənməsi üçün təlimlər keçirilməlidir. Ərizəçilərin və onların nümayəndələrinin, Vətəndaş Cəmiyyəti institutlarının Avropa Məhkəməsinin qərarlarının icrasının təmin olunmasında iştiraklarına şərait yaradılmalıdır,” sənədin tövsiyyə hissəsində deyilir.

"Demokratik Təşəbbüslər İnstitutu" QHT 2013-cü il noyabrın 5-də bir qrup hüquqşünas və ictimai fəal tərəfindən demokratik təşəbbüslər yolu ilə Azərbaycanda açıq cəmiyyət qurulmasına yardım məqsədilə təsis edilib. DTİ-yə keçmiş MSK üzvü Akif Qurbanov rəhbərlik edir. O, çoxsaylı pozuntularla əlaqədar 13 oktyabr 2013-cü il prezident seçkiləri haqqında yekun protokolu imzalamayan yeganə MSK üzvü idi.

Şərhlərə bax

XS
SM
MD
LG