Accessibility links

DTİ: Sərbəst toplaşmaq azadlığına qanunsuz müdaxilələrin qarşısı alınmalıdır


Sərbəst toplaşmaq azadlığı ilə bağlı araşdırma sənədi
Sərbəst toplaşmaq azadlığı ilə bağlı araşdırma sənədi

“Sərbəst toplaşmaq azadlığı fundamental insan hüquqlarından biridir. Toplantılar cəmiyyətdəki siyasi, sosial və iqtisadi problemləri işıqlandırır, bu problemlərdən birbaşa zərər çəkməyənləri də mövzu barədə məlumatlandırıraq etirazçıların əhatə və bilavasitə təsir dairəsini genişləndirir.”

Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) araşdırma qrupu 2016-cı il sentyabrın 1-dən 2019-cu il mayın 1-dək Azərbaycanda sərbəst toplaşmaq azadlığına edilmiş müdaxilələrlə əlaqəli pozuntu faktlarını toplayaraq onların müqayisəli təhlilinə dair araşdırma sənədi hazırlayıb.

Sərbəst toplaşmaq azadlığının vəziyyəti ilə bağlı araşdırma sənədi”ndə qeyd edilmiş müddət ərzində baş verən toplantılar barədə "Report.az”, "Amerikanın Səsi”, "Azadlıq.org” və "Turan.az” saytlarındakı yayılan xəbərlərə, "Meydan TV”-nin youtube səhifəsindəki video görüntülər və səlahiyyətli qurumlara və partiyalara göndərilən sorğulara alınmış cavablara istinad edilib.

Araşdırma nəticəsində ən çox siyasi məzmunlu tələblərlə toplaşan və toplaşmaq istəyən şəxslərə müdaxilə edildiyi müəyyən edilib.
Araşdırma sənədindən sitat

Araşdrıma zamanı müəyyən edilib ki, siyasi, sosial,bayram və xüsusi günlərlə bağlı aksiyalara, o cümlədən qapalı məkanlarda keçirilən toplantılara, icazə verilməyən toplantılara, mətbuat və jurnalistlərin fəaliyyətinə müdaxilələr olub.

“Araşdırma nəticəsində ən çox siyasi məzmunlu tələblərlə toplaşan və toplaşmaq istəyən şəxslərə müdaxilə edildiyi müəyyən edilib,” hesabatda deyilir.

Hesabatda insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumların Azərbaycandakı vəziyyət barədə dəyərləndirmə də yer alıb.

“Hələ də insanlar sərbəst toplaşma azadlığına aid aksiyalarda iştiraka görə və ya aksiyalardan öncə belə aksiyalarda iştirakdan yayındırılmaq üçün inzibati məsuliyyətə cəlb edilir. Həmçinin hökümət beynəlxalq tövsiyəedici sənədlərdə olan göstərişləri Azərbaycan qanunvericiliyində əks etdirməkdən yayınır,“ sənəddə qeyd edilir.

Sənəd sərbəst toplaşmaq azadlığına edilmiş qanunsuz müdaxilələrin qarşısını almaq və qanunvericilikdəki boşluqları aradan qaldırmaq üçün tövsiyələri də özündə əks etdirir.

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda təsadüfi toplantılar istisna olmaqla, polisə qabaqcadan yazılı xəbərdarlıq verilməyən bütün toplantıları dayandırmaq mütləq səlahiyyəti verən qanun maddəsi ləğv edilməlidir. Bundan əlavə, qanunvericilikdə zorakı olmayan toplantı keçirməyə və toplantılarda iştirak etməyə görə İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi və Cinayət Məcəlləsinin 169.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyətlər ləğv edilməlidir. Sərbəst toplaşmaq azadlığına prioritet verilməlidir.”

Araşdırma qrupu tövsiyə edir ki, qanunvericilikdə əks olunmuş müdaxilə əsasları dəqiqləşdirilməlidir.

“Digər hüquqlarla üst-üstə düşməsi sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün yetərli səbəb olmamalıdır. Toplaşmaq azadlığının fundamental hüquq olduğu və insanların istirahəti, nəqliyyatın axını və sahibkarlıq və ya əyləncə müəssisələrinin fəaliyyətindən əhəmiyyətsiz olmadığı nəzərə alınmalıdır. Buna görə də, müdaxiləni edərkən səlahiyyətli nümayəndələr yetərli səbəblər göstərməli, müdaxilənin son zərurət tədbiri olduğunu sübut etməlidirlər. Toplantını əsaslı səbəb olmadan qadağan edən və ya məhdudlaşdıran səlahiyyətli yerli icra hakimiyyəti nümayəndəsi məsuliyyətə cəlb olunmalıdır.”

Sənəddə deyilir ki, toplantılardan sonra insanlara sahə müvəkkilləri tərəfindən zəng edilməsi, çağırış vərəqəsiz polis bölmələrinə çağırılması, işlədiyi və təhsil aldığı müəssisələrdə xəbərdarlıq edilməsi və xaric edilməsi praktikasından əl çəkilməlidir.

“Praktikada “polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama” ittihamı ilə inzibati həbslər insanları toplantılarda iştirak etməkdən çəkindirdiyinə görə, ittihamın tətbiqi təcrübəsi dayandırılmalıdır,” araşdırmada tövsiyyə edilir.

Sənəddə tövsiyyə edilir ki, polis işçiləri jurnalistlərin fəaliyyətinə, video və foto çəkilişinə mane olmamalı, jurnalistlərin kameralarını və avadanlıqlarını əllərindən almamalı və onları saxlamamalıdır.

Öz növbəsində rəsmi Bakı ölkədə insanların fundamental hüquqlarının tam təmin edildiyini bildirir.Azərbaycan hökuməti fundamental hüquqların pozulması ilə bağlı beynəlxlaq və yerli təşkilatların tənqidini qəbuul etmir və qərəzli sayır.

XS
SM
MD
LG