Accessibility links

Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində əməliyyat keçirir


Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bu dəfə Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxsləri ilə bağlı əməliyyat keçirir.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.”

Məlumatda qeyd edilib ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xarici İşlər Nazirliyi hələ bu məlumata münasibət bildirməyib.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Məmmədayrovun Nyu Yorkda iki oğluna məxsus ümumilikdə 4,2 milyon dollar qiymətləndirilən iki mənzilə aid olduğu iddia edilən sənədlərin görüntüləri yayılıb.

Azərbaycan rəsmi qurumları, hələlik, bu haqda geniş danışmır, ölçü götürülüb-götürülməyəcəyini bəyan etməyə tələsmirlər. Yalnız XİN sözçüsü nazir oğlunun bahalı əmlak almasını "şəxsi həyat" kimi dəyərləndirib.

İlham Əliyev məmurlara xəbərdarlıq edib

Prezident İlham Əliyev mayın 13-də Kəlbəcər rayon İcra Hakimiyyətinə yeni təyin edilən başçını qəbul zamanı yenidən vəzifəli şəxslərə xəbərdarlıq edib.

"Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət - budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar,” o qeyd edib.

DTX-nın əməliyyatları

Öz növbəsində DTX Mədəniyyət Nazirliyində də oxşar əməliyyat keçirmiş, saxlanılanlar olmuşdu, cinayət işi başlamışdı. Az sonra nazir vəzifədən uzaqlaşdırılmışdı.

Bundan öncə isə adıçəkilən qurum bir neçə rayonun icra başçıları və başqa vəzifəli şəxsləri ilə bağlı da əməliyyat keçirmiş, onlar haqqında cinayət işi başlanmışdı.

XS
SM
MD
LG