Accessibility links

DTX İmişlidə əməliyyat keçirir - ekspert və siyasi xadimlərin münasibəti


DTX əməliyyat keçirir
DTX əməliyyat keçirir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İmişli rayonunda əməliyyat keçirdiyi barədə məlumatlar yayılıb.

Ümumilikdə DTX son aylarda artıq dördüncü rayonda icra hakimiyyətlərinin binasında əməliyyat keçirir. Bundan öncə dörd rayonun icra hakimiyyəti başçısı təkrar rüşəvt almaq, vəzifədən su-istifadə və mənimsəmə ittihamı ilə həbs edilib.

Amerikanın Səsi vəzifəli şəxslərin həbslərinin dövlət idarəçiliyinə təsirləri ilə bağlı siyasi xadimlərin və ekspertlərin fikirlərini təqdim edir.

İmişli rayon İcra Hakimiyyətinin binası
İmişli rayon İcra Hakimiyyətinin binası

İmişli rayon icra hakimiyyətinə giriş bağlanıb

Mayın 5-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli rayonunda (Bakıdan 258 kilometr cənub) əməliyyata başlayıb.

Yerli medianın məlumatına görə, DTX əməkdaşları rayon icra hakimiyyətinin binasına daxil olub, binanın giriş-çıxışı bağlanılıb.

Qeyri-rəsmi məlumatlara görə, rayon rəhbərliyi saxlanılıb.

Bununla yanaşı, rəsmi qurumlar bu məlumatlara hələ münasibət bildirməyib.

Bir neçə rayonda icra hakimiyyətlərinin yerli nümayəndələri həbs edilib

Baş Prokurorluğun mətbuat xidməti Lənkəran, Yevlax, Saatlı, Salyan, Daşkəsən və Hacıqabul rayonlarında icra hakimiyyətlərinin bir neçə nümayəndəsinin həbs edildiyini bildirib.

Saxlanılan şəxslər karantin dövründə imkansız şəxslər üçün ayırılan humanitar yardımı mənimsəməkdə və saxta arayışlar verməkdə ittiham olunur.

Saxlanılan şəxslər barəsində sui-istifadə və vəzifə saxtakarlığı ilə bağlı cinayət işləri açılıb.

Bununla yanaşı həbs edilən şəxslərin vəkilləri və ya ailə üzvləri prokurorluğun məlumatına hələ münasibət bildirməyib.

Zahid Oruc
Zahid Oruc

Zahid Oruc: Son həbslər milli təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir

Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü plenar iclasında bildirib ki, son həbslər yalnız sosial, mənəvi məsələ yox, eləcə də milli təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir və sərhəd, yaxud cəbhə xəttinə yaxın bölgələrdə siyasi-hərbi rəhbərlik xüsusi seçilməlidir.

İcra başçısı ehtiyaclı insanların haqqını mənimsəyəndə cəbhədə əsgərlərimiz Vətəni qoruyurdular.
Zahid Oruc, Milli Məclisin deputatı

“Doğrudur, Biləsuvar “cəbhə xətti” deyil, lakin Goranboydan Ağstafaya yerini dəyişən Nizaməddin Quliyev (həbs edilib-red.) isti kabinetində mülki vətəndaşların, yoxsulluqda yaşadığı üçün dövlət yardımı nəzərdə tutulan ehtiyaclı insanların haqqını mənimsəyəndə bir qədər ön cəbhədə əsgərlərimiz Vətəni qoruyurdular,” deputat qeyd edib.

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı: DTX Yardımlıda da əməliyyat keçirməlidir

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirib ki, DTX onun anadan olduğu Yardımlı rayonunda da əməliyyat keçirməlidir.

“Neftçaladan sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısının ifşa olunaraq tutulması çox biabırçı fakt idi. Yəni, bu onu göstərir ki, icra başşıları heç bir nəticə çıxarmaq istəmirlər. Eyni yolda getməyə davam edirlər”.

Dərs çıxarmayan icra hakimiyyəti başçıları yenə də imkansız ailələrə ayrılmış sosial yardımları mənimsəyir, rüşvət alırlar.
Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı

Rüstəmxanlı deyib ki, dərs çıxarmayan icra hakimiyyəti başçıları yenə də imkansız ailələrə ayrılmış sosial yardımları mənimsəyir, rüşvət alırlar.

“Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir,” deputat qeyd edib.

İlqar Məmmədov
İlqar Məmmədov

İlqar Məmmədov: Həbs kampaniyaları sistemli korrupsiyanın öhdəsindən gələ bilməyəcək

ReAL Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə bildirib ki, rayonlarda və şəhərlərdə hakimiyyət seçkili bələdiyyələrə verilməyincə, icra başçılarının həbsinin elə bir böyük faydası yoxdur.

Əliyev hakimiyyətinin yerli idarəçilik konsepsiyası işləmir, onu ReAL-ın təqdim etdiyi bələdiyyələrin səlahiyyətləndirilməsi ideyası ilə əvəz etmək gərəkdir.
İlqar Məmmədov, ReAL Partiyasının sədri

“Rayon və şəhərlərin seçkili başçıları olmalı, ərazidə yığılan vergilərin bir qismi onların sərəncamına verilməli, üstəgəl bu seçkili təmsilçilərə həmin vergidən yüksək maaş ayrılmalıdır. Əks təqdirdə, həbs kampaniyaları da sistemli korrupsiyanın öhdəsindən gələ bilməyəcək. Hazırda icra başçılarının 5 faizinin həbsdə olması bircə onu sübut edir ki, Əliyev hakimiyyətinin yerli idarəçilik konsepsiyası işləmir və onu təcili olaraq REAL-ın illərdir xalqa təqdim etdiyi bələdiyyələrin səlahiyyətləndirilməsi ideyası ilə əvəz etmək gərəkdir”, Məmmədov Amerikanın Səsinə deyib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı: Rüşvətin kökü aşağıdan yuxarıya yox, yuxarıdan aşağı kəsilə bilər

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, cinayətkarlar həbsxanada oturmalıdır.

İcra başçısının təyinatı üçün onlardan rüşvət almaq imkanı olanların dairəsi çox məhduddur. İlham Əliyev, ya Dövlət Təhlükəsizliyi Xidməti onların kimliyindən xəbərsizdirmi?
Arif Hacılı, Müsavat Partiyasının başqanı

“Bu baxımdan cinayət törətmiş icra başçılarının həbs olunması müsbət haldır. İlham Əliyev dedi ki, rüşvət verib vəzifəyə təyin olunan icra başçıları işinə ilk növbədə verdiyi pulu toplamaq üçün rüşvət toplamaqla başlayır. İcra başçısının təyinatı üçün onlardan rüşvət almaq imkanı olanların dairəsi çox məhduddur. İlham Əliyev, ya Dövlət Təhlükəsizliyi Xidməti onların kimliyindən xəbərsizdirmi? Rüşvətin kökü aşağıdan yuxarıya yox, yuxarıdan aşağı kəsilə bilər. "Su başdan iylənir". Bütövlükdə isə yerli özünüidarə sistemini yalnız demokratik seçki yolu ilə seçilmiş yerli hakimiyyət strukturlarının yaradılması ilə xilas etmək olar,” Müsavat Partiyasının başqanı Amerikanın Səsinə deyib.

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

Nəsimi Məmmədli: Həbslərin dövlət idarəçiliyində səmərəliliyi artıracağını zənn etmirəm

Siyasi məsələlər üzrə ekspert Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib ki, yüksək vəzifəli şəxslərin, xüsusilə icra hakimiyyəti başçılarının həbsi korrupsiya və rüşvətxorluqla bağlı mübarizədən çox, sanki cəmiyyətdə ümumi narazılığı səngitmək üçün istiqamətlənmiş bir təşəbbüs kimi görünür.

Nəsimi Məmmədli: Həbslərin dövlət idarəçiliyində səmərəliliyi artıracağını zənn etmirəm
please wait

No media source currently available

0:00 0:02:47 0:00

“Əgər söhbət korrupsiya və rüşvətxorluğa qarşı mübarizədən gedirsə, rayonlarda təkcə bu neqativ hallarla yerli icra hakimiyyəti strukturları deyil, mən deyərdim, - polisin, prokurorluğun, məhkəmə orqanlarının rüşvətə bulaşması daha geniş müzakirə olunur. Əgər məsələ ciddidirsə, mənə elə gəlir, bu istiqamətdə də ciddi addımlar olmalıdır. Yox, əgər bunlar yoxdursa, burada daha çox ikinci cəhət diqqəti cəlb edir. Sanki cəmiyyətdə ümumi yığılıb qalan, xüsusilə mərkəzi hakimiyyətdən narazılığın səngidilməsi, aşağı salınması üçün müəyyən fiqurlar qurban verilir.”

Ekspert hesab edir ki, bu həbslərin həyata keçirlməsində həm də yeni bir idarəçilik cəhdi var.

Əgər hökumət gerçəkdən rüşvətə, korrupsiyaya qarşı mübarizə aparırsa, eyni zamanda şəffaflıq, hesabatlılıq və qanunun aliliyinin təmin edilməsini qarşısına məqsəd qoyubsa, o zaman ölkədə mətbuat azadlığını mütləq təmin etməlidir.
Nəsimi Məmmədli, siyasi ekspert

“Hökumət faktiki olaraq indiki böhran şəraitində, maliyyənin azaldığı şəraitində cəmiyyətdə yarana biləcək hərəkətləməni önləmək üçün müəyyən qədər belə qabaqlayıcı addımlar atır. Sanki bir `günah keçisi` axtararaq, yaranmış problemdə onları hədəfə gətirir. Onların vasitəsi ilə müəyəyn problemləri həll etmək istədiyini göstərməyə çalışır. Əgər hökumət gerçəkdən rüşvətə, korrupsiyaya qarşı mübarizə aparırsa, eyni zamanda şəffaflıq, hesabatlılıq və qanunun aliliyinin təmin edilməsini qarşısına məqsəd qoyubsa, o zaman ölkədə mətbuat azadlığını mütləq təmin etməlidir, vətəndaş cəmiyyətinin önündəki sərt qanuni məhdudiyyətləri götürməlidir, siyasi partiyalar üçün bərabər şərait yaratmalıdır. Yəni çoxpartiyalı siyasi sistemin cəmiyyətə verəcəyi töhfə üçün meydan açmalıdır. Eyni zamanda, ifadə, sərbəst toplaşmaq azadlıqlarının olmadığı mühitdə effektli ictimai nəzarəti təmin etmək mümkün deyil.”

Məmmədli həmçinin hesab edir ki, yerli idarətemənin köklü dəyişməsi çox vacibdir.

“Seçkili orqanların təsir dairəsi və məsuliyyəti genişlənməlidir. Bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Yerli icra hakimiyyətlərinin vəzifəsi qismən məhdudlaşdırılmalıdır. Bunlar olmayacağı təqdirdə, indi aparılan tədbirlər sadəcə görüntü xatirinədir və bunların dövlət idarəçiliyində səmərəliliyin artırılacağına gətirib çıxaracağını zənn etmirəm,” o, Amerikanın Səsinə müsahibəsində qeyd edib.

XS
SM
MD
LG