Accessibility links

DTX: Mahir Quliyev barəsində həbs qətimkan tədbiri seçilib


DTX əməliyyat zamanı
DTX əməliyyat zamanı

Biləsuvar rayon icra hakimiyyəti başçısı Mahir Quliyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Mahir Quliyev vəzifə səlahiyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə həbs olunub.

Belə ki, Mahir Quliyev birinci müavini Xanlar Məmmədov vasitəsilə ehtiyacı olan vətəndaşlara sosial yardım üçün ayrılmış vəsaiti qanunsuz olaraq mənimsəyib.

Həmçinin, icra hakimiyyətinə ayrılmış digər vəsaitlər də mənimsənilib.

Onun, köməkçisi Pöhran Şahbazov və tabeliyində olan digər şəxslər vasitəsilə məmurlardan, dövlət qulluqçularından və yerli sahibkarlardan pul aldığı müəyyən edilib. .

Məlumatda həmçinin qeyd edilir ki, dövlət qayğısı ilə əhatə olunan işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Mahir Quliyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

“Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində, Mahir Quliyevin xidməti otağında növbəti dəfə rüşvət almasından sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Hazırda araşdırmalar davam etdirilir.

Xatırlatma

Son aylarda Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın bir sıra rayonlarında əməliyyatlar keçirib. Bu ilin fevralında qurumun Neftçala rayonunda əməliyyat olub. Həmin əməliyyat nəticəsində azı 6 nəfər, əsasən, rüşvətə görə şübhəli şəxs qismində həbs edilib. Saxlanan şəxslər rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və Təhsil şöbəsinin müdiri Əjdər Kərimov idi.

Keçən ilin dekabrında isə DTX Ağstafa rayonunda əməliyyat keçirib. Onda da icra hakimiyyəti başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov həbs edilib. Onlar da rüşvət alma və başqa oxşar ittihamlarla tutulub.

DTX həmçinin ötən ilin dekabrında Yevlax rayon icra hakimiyyətinin keçmiş başçısı Qoca Səmədovu eyni ittihamlarla saxlayıb.

Ekspert rəyləri

AXCP sədr müavini Seymur Həzinin Amerikanın Səsinə verdiyi açıqlamasında deyib ki, "bu həbslər korrupsiyaya qarşı mübarizə aparır" imici yaratmaqdır

"Birinci sual bu olmalıdır ki, mərkəzi icra hakimiyyəti hara baxır ki, vəziyyət xəfiyyə əməliyyatlarını zəruri edir? Görünür ki, heç yerli prokurorluq da öz işinin öhdəsindən gəlmir. Bu şəxslərin həbs edilməsi o deməkdir ki, onlar müəyyıə varlanma həddinə kimi sərbəst buraxılırlar, sonra isə onları tutub sərvətlərini əllərindən alırlar. Bununla da həm "korrupsiyaya qarşı mübarizə aparır" imici yaratmaq istəyirlər, həm də korrupsiya ilə məşğul olurlar, yəni toplanmış sərvəti mənimsəyirlər. Yəni bu cür həbslər artıq bir "idarəetmə" formasıdır," o qeyd edib.

Prezident İlham Əliyevin çıxışı

Prezident İlham Əliyev aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədə aparılan islahatlardan danışarkən bildirib ki, bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq.

“Hesab edirəm ki, prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq,” o qeyd edib.

XS
SM
MD
LG