Accessibility links

DTX: Pakistanda “Taliban”ın tərkibində döyüşən şəxs saxlanılıb


Saleh Adilov

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Pakistanda "Taliban" terror təşkilatının tərkibində döyüşmüş şəxsin saxlanıldığını bildirir.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatında deyilir ki, DTX və Türkiyə xüsusi xidmət orqanlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilən, Azərbaycan vətəndaşı Saleh Adilov Türkiyənin Van şəhərində saxlanılaraq ölkəyə gətirilib.

DTX bildirir ki, 2008-ci ildə Saleh Adilov tərəfindən dini radikal qruplaşmanın digər üzvləri ilə birlikdə Azərbaycanın Tərtər rayonunda yerləşən hərbi hissənin döyüş postuna silahlı basqın edilib, 1 əsgər öldürülüb, 1 əsgər ağır yaralanıb və hadisə yerindən müxtəlif silah-sursat oğurlanıb.

“Saleh Adilov cinayət məsuliyyətindən yayınmağa müvəffəq olaraq, ölkə hüdudlarından kənarda qanunsuz fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2009-cu il mayın 14-də Azərbaycan ərazisini İran istiqamətində tərk edib, oradan isə qaçaq yolla Pakistannın Şimali Vəziristan vilayətinə gedərək “Taliban” terror təşkilatının himayəsi altında fəaliyyət göstərən Vüqar Hacızadənin rəhbərlik etdiyi terror qruplaşmasına qoşulub. 2010-cu ildə Vüqar Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib. 2014-cü ildə “Taliban” terror təşkilatının vasitəsilə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində yerli hüquq mühafizə orqanları tərəfindən həbs edilib. 2019-cu ildə azad edildikdən sonra Saleh Adilov qeyri-qanuni yolla Türkiyə ərazisinə keçərək orada gizlənib,” məlumatda qeyd edilir.

DTX Saleh Adilovun danışdığı video da yayıb.

Bununla yanaşı, Adilovun vəkili və ailə üzvləri DTX-nin məlumatına hələ münasibət bildirməyib.

XS
SM
MD
LG