Accessibility links

Dumada xarici mediaya dair qanun təsdiq edilib


Rusiya parlamentinin aşağı palatası Duma çərşənbə günü hökumətin xarici media qurumlarını xarici agent kimi qeydiyyata almasına imkan verən qanunu qəbul edib. Bu addım ABŞ-ın Rusiya tele kanalına qarşı irəli sürdüyü tələblərə cavab olaraq atılıb.

Dumada qanun Rusiya dövləti tərəfindən maliyyələşdirilən RT (Russia Today) tele-kanalının ABŞ-ın Ədliyyə nazirliyində xarici agent kimi qeydiyyatdan keçməsindən bir neçə gün sonra qəbul edilib.

ABŞ-ın kəşfiyat agentlikləri RT tele-kanalının Kreml tərəfindən 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxilə məqsədilə alət kimi istifadə edildiyini iddia edir.

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın RT ilə əlaqədar tələblərini kəskin tənqid edərək, bunun söz azadlığına hücum olduğunu bildirib və Rusiyanın buna cavab verəcəyi ilə təhdid edib.

Rusiyanın xaricdəki mediasının azadlığının pozulması halı kəskin cavab verilmədən qalmayacaq.
Dmitri Peskov

Dumada müzakirələr zamanı spiker Vyaçeslav Volodin yeni qanunu ABŞ-a “simmetrik cavab” kimi təsvir edib. Onun sözlərinə görə, qanun “bizim media ilə belə rəftara yol verilməməli olduğuna dair” bir siqnaldır.

Dumadan sonra qanun Rusiya parlamentinin yuxarı palatasında təsdiq edilməlidir. Qanunun gələn həftə təsdiq ediləcəyi və bundan sonra imzalanmaq üçün prezident Putinə göndəriləcəyi gözlənilir.

Putinin sözçüsü Dmitri Peskov deyib ki, qanun layihəsi hökumətin Rusiya mediasına qarşı hər hansı xarici müdaxiləyə cavab verməsi üçün çərçivə təmin edir.

“Rusiyanın xaricdəki mediasının azadlığının pozulması halı kəskin cavab verilmədən qalmayacaq”, Peskov bildirib. O əlavə edib ki, hökumət “vaxtında cavab verilməsi üçün qanunla təmin olunmuş imkanlardan istifadə edəcək”.

Russia Today tele kanalının Moskvadakı ofisi
Russia Today tele kanalının Moskvadakı ofisi

Peskov qanunun hansı şəkildə və hansı xarici media vasitələrinə qarşı tətbiq ediləcəyi ilə bağlı şərh verməyib.

Dumanın informasiya komitəsinin rəhbəri Leonid Levin isə deyib ki, qanunla hansı xarici media vasitələrinin xarici agent kimi qeydiyyatdan keçməsi məsələsini Rusiya hökumətinin özünün müəyyən etməsi nəzərdə tutulur.

O əlavə edib ki, bu addım Rusiyaya ABŞ-ın RT tele-kanalına qarşı irəli sürdüyü tələblər və ya hər hansı başqa ölkə tərəfindən atılmış addıma eyni şəkildə cavab vermək imkanı verir.

“Mən ümid etmək istəyirəm ki, bundan bir dəfə istifadə olunacaq və bundan başqa əlavə cavab tədbirə ehtiyac qalmayacaq”, o bildirib.

Qanunun müəlliflərindən biri olan Duma spikerinin müavini Pyotr Tolstoy Ədliyyə Nazirliyinin eyni şəkildə addım atacağını gözlədiyini bildirib.

Xarici agent kimi göstərilən media vasitələri 2012-ci ildə qəbul edilmiş qanuna əsasən qeyri-hökumət təşkilatlarına şamil edilən tələblərlə qarşılaşacaq.

Moskvada Kreml əleyhinə kütləvi nümayişlərin keçirildiyi dövrdə qəbul edilmiş həmin qanunla xaricdən maliyyə yardımı alan və siyasi fəaliyyətlə məşğul olan bütün qruplar xarici agent kimi qeydiyyatdan keçməlidir.

Qanunun əleyhdarlarının bildirdiyinə görə, siyasi fəaliyyət anlayışı o qədər geniş mənada istifadə edilə bilər ki, bununla istənilən QHT-ni hədəf almaq mümkündür.

Amnesty International təşkilatı yeni qanunu media azadlığına hücum kimi kəskin tənqid edib.

XS
SM
MD
LG