Accessibility links

Duterte vaksinlərdən imtina edən filippinliləri həbs etməklə hədələyir


Filippin prezidenti COVID-19 peyvəndindən imtina edən filippinlilərin həbsinə göstəriş verməklə hədələyib və deyib ki, əgər onlar ictimai sağlamlıq sahəsindəki fövqəladə vəziyyətə son qoymaq səylərinə yardım etməyəcəklərsə, ölkəni tərk etsinlər.

Qəzəbli çıxışları və sərt ritorikası ilə tanınan Prezident Rodriqo Duterte bazar ertəsi televiziyada yayımlanan çıxışında bildirib ki, səhiyyə böhranı zamanı vaksin vurmağı rədd edən və daha sonra koronavirusu yayan insanlar onu qıcıqlandırır.

“Məni yanlış anlamayın. Bu ölkədə böhran yaşanır. Milli fövqəladə vəziyyət var. Əgər vaksin olmaq istəmirsinizsə, mən sizi həbs etdirib, vaksini yanınıza vuracam,” o deyib.

“Əgər vaksin vurmağa razı deyilsinizsə, Filippini tərk edin. İstəyirsinizsə Hindistana gedib, ya da Amerikaya,” o deyib, və əlavə edib ki, kənd liderlərinə itaət etməyən sakinlərin siyahısını hazırlamağa göstəriş verəcək.

Ədliyyə naziri Menardo Gevarra çərşənbə axşamı Filippində koronavirusa qarşı vaksinlərdən imtinanı kriminallaşdıran qanunun olmadığını etiraf edib.

“Mən inanıram ki, prezident sadəcə bizim hamımızın vaksinasiyasının vacibliyini vurğulamaq və mümkün qədər tez bir zamanda kollektiv immunitetə çatmaq üçün bu sözlərdən istifadə edib,” Gevarra deyib.

İnsan hüquqları müdafiəsçisi Edre Olalia Dutertenin təhdidləri ilə bağlı narahatlığını dilə gətirib və deyib ki, prezident cinayət törətməyən heç kəsin həbsinə göstəriş verə bilməz.

Duterte və onun administrasiyası tədarük problemi və ictimai tərəddüd səbəbilə vaksinasiya kampaniyası ilə əlaqədar tənqidlərlə üzləşib. Vaksinasiya uzun ləngimələrdən sonra mart ayında başlayıb, amma bir çoxları Qərb vaksinlərini gözləməyə qərar verib və bu səbəblə də bəzi şəhərlər insanları hər hansı vaksini olmağa təşviq etmək üçün onlara pulsuz qəlyanaltılar və mağazalarda endirimlər təklif ediblər.

Duterte bu problemə görə Qərb ölkələrinin vaksinləri öz vətəndaşları üçün tədarük edərək, Filippin kimi daha yoxsul ölkələri geridə buraxmaqda günahlandırıb. Bəzi rəsmilər deyib ki, qeyri-kafi vaksin təchizatı ictimai tərəddüdən daha böyük bir problemdir.

Filippin Asiyada COVID-19-un qaynar nöqtəsidir. Ölkədə 1.3 milyon yoluxma və azı 23 749 ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG