Accessibility links

ABŞ Konqresində Ebolaya dair dinləmələr təşkil edilib


ABŞ Konqresində səhiyyə ekspertlərinin iştirakı ilə Eboladan qorunma və xəstəliyə nəzarət ölçülərinə dair dinləmələr təşkil edilib.

Texasın xəstəxana sisteminin baş klini direktoru Daniel Varqanın dediyinə görə, liberiyalı xəstəyə düzgün diaqnoz qoyulmayıb. Xəstənin ölməsi və ictimaiyyətə yanlış məlumat verildiyinə görə dərin təəssüf hissi keçirdiyini deyən doktor Varqa xəstəxana işçilərinin Ebola treyninqi keçmədiyini etiraf edib.

Ebolanın müalicəsinə dair protokolların yoxlanışı Texasın Dallas şəhərində bu ay ölən Dunkana baxan iki səhiyyə işçisinin virusa yoluxmasından sonra aparılır.

26 yaşlı tibb bacısı Nina Fam Milli Səhiyyə İnstitutunun təcridxanasına göndərilib. Digər tibb bacısı 29 yaşlı Amber Vinson isə iki Ebola xəstəsinin müalicə olunduğu Atlanta Emori xəstəxanasına yerləşdirilib.

Dinləmələrin daha bir iştirakçısı, Xəstəliklərə Nəzarət Agentliyinin rəhbəri Tomas Friden Qərbi Afrikada yayılan virusun ABŞ üçün uzunmüddətli bir təhlükə olacağını vurğulayıb. O, Ebolaya güclü səhiyyə sistemi və təlimlərdən keçmiş xüsusi komandalarla müqavimət göstəriləcəyini qeyd edib.

Virusa qarşı effektiv vaksinin olmadığını deyən Friden virusun ictimai səhiyyə sisteminə ciddi bir təhlükə olduğunu deyib.

İnfeksion Xəstəliklər və Allergiya İnstitutunun direktoru Antoni Fauçi qanunvericilərə bildirib ki, iki Ebola vaksini effektivliyi və təhlükəsizliyi baxımından hazırda kliniki sınaqdan keçirilir.

XS
SM
MD
LG