Accessibility links

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycana 500 milyon dollar kredit ayırır


Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development - EBRD) İdarə Heyəti bu gün, oktyabrın 18-də Azərbaycana 500 milyon dollar kredit ayırıb.

Kredit Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin maliyyələşdirilməsi məqsədilə verilib.

Bu haqda EBRD-in press-relizində yazılır.

Məlumatda bildirilir ki, kredit “Cənub Qaz Dəhlizi”nin ən böyük hissəsini təşkil edən TANAP layihəsində istifadə edilməsindən ötrü ayrılıb. Vəsait “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinə ayrılacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Chakrabartinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrda Azərbaycanda səfərdə olmuşdu. Nümayəndə heyətini Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də qəbul etmişdi.

Həmin görüşlə bağlı yayılmış rəsmi bilgilərdə deyilirdi ki, tərəflər “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsi məsələsini müzakirə ediblər.

XATIRLATMA

TANAP və TAP layihələri “Cənub Qaz Dəhlizi”nin ayrı-ayrı hissələrini təşkil edir. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi “Şahdəniz-2”dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) isə TANAP-ın davamıdır. «Şahdəniz-2» yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

Layihənin 2020-ci ildə tam reallaşacağı bildirilir.

TANAP üzrə işlərin 70, TAP üzrə isə 40 faizdən çoxunun icra edildiyi bildirilir.

“Cənub Qaz Dəhlizi” layihəsi bütünlükdə 40 milyard dollardan çox vəsait tələb edir.

Dünya Bankı, Avropa İnvestisiya Bankı (EIB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) “Cənub Qaz Dəhlizi”ni dəstəkləyir.

Azərbaycanın “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı 2014-2019-cu illər üzrə 11.9 milyard dollar öhdəliyi var. Bu vəsaitdən ötən ilin sonuna kimi 6 milyard dolları icra edilib.

Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin dəyəri təxminən 40 milyard dollar həcmində qiymətləndirilir. Bu vəsaitin 9.3 milyard dolları TANAP, 6 mlrd. dolları TAP, 23.8 milyard dolları isə “Şahdəniz-2” və Cənubi Qafqaz Kəmərinin genişləndirilməsi layihələrinin payına düşür.

Bu ilin əvvəlində Azərbaycanın istifadə edilən kreditlərə görə, borcunun 7 milyard dolları keçdiyi bildirilirdi.

XS
SM
MD
LG