Mayın 31-də Bakının Səbael Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlıya qarşı 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar verib.
Vəkil Elçin Sadıqov məhkəmənin qərarından narazıdır və apellyasiya şikayəti verəcəyini bildirib.
"Məhkəmə vəkillərin Əfqan Muxtarlının tibbi ekspertizadan keçirilməsi, onun cibinə qoyulmuş pulun üzərindəki əl izlərinin ekspertizasının keçirilməsi və jurnalistin keçirildiiyi Gürcüstan-Azərbaycan dövlət sərhəd keçid məntəqələrindəki video kameraların video yazılarının məhkəməyə təqdim edilməsi barədə vəsatətlərini təmin etmədi. Əfqan Muxtarlı Gürcüstan kriminal polisinin avtomobilinə zorla mindirildiyini bildirdi. O avtomobilə zorla mindirilərkən döyüldüyünü dedi, bədənində və üz nahiyələrində olan qançırları məhkəmədə nümayiş etdirdi. Məhkəmə buna da qiymət vermədi", vəkil qeyd edib.
Sadıqovun sözlərinə görə, Muxtarlı olduğu avtomobilin sərhəd məntəqələrində saxlanılmadan, sənədlərinə baxış keçirilmədən keçdiyini məhkəməyə deyib.
"Jurnalist bildirib ki, Gürcüstan polisi onu təhvil verərkən avtomobilinin qapısının yana açılmadığını, yan sürüşkən qapı olduğunu bilib. Jurnalist məhkəməyə deyib ki, Azərbaycan tərəfinin avtomobili sərhədə yaxınlaşanda generala zəng ediblər, "mollanı artıq gətirmişik, general yasa gələ bilər", deyə bildiriblər", Sadıqov deyib.
Ə.Muxtarlı mayın 29-da axşam Tbilisidə yoxa çıxıb, bir gün sonra onun sərhəddən keçirilərək Bakıya gətirildiyi bəlli olub.
Vəkilin sözlərinə görə, jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddələriylə, yəni sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir.
Muxtarlıya qarşı bu gün yeni ittiham da irəli sürülüb. Yeni ittiham Cinayət Məcəlləsinin 315.2 --ci (Sərhəd xidməti əməkdaşının həyat və sağlamlığına zor tətbiq etməklə müqavimət göstərmək maddəsidir.