Accessibility links

Əfqanıstanda intiharçı bomba hücumu baş verib


Əfqanıstan paytaxtı Kabildə intiharçı bomba hücumu nəticəsində azı 10 nəfər ölüb, çox sayda insan yaralanıb.

Şəhərin polis idarəsinin sözçüsü Amerikanın Səsinə bildirib ki, cümə axşamı baş verən hücum zamanı ölənlər arasında yüksək səviyyəli polis komandiri də olub.

Bomba hücumunu törədən şəxs Balx əyalətinin qubernatoru Əttah Məhəmməd Nurun tərəfdarlarının toplandığı tədbirə daxil olmaq istəyib. Lakin sözçünün sözlərinə görə, tədbirin keçirildiyi məkanda görülən güclü təhlükəsizlik tədbirləri səbəbilə hücumçu özünü məkanın qarşısındakı təhlükəsizlik postunda partladıb.

Əfqanıstan mediası təhlükəsizlik qüvvələrinə istinadən ölənlərin sayının 18-dən çox olduğu barədə xəbər verir.

Hadisə şahidi Can Məhəmməd qurbanlar arasında dostlarının olduğunu deyib:

“Birdən partlayış baş verdi. Mən yerə yıxıldım. Ətrafıma baxanda, dostlarımın bəzilərinin cəsədlərini gördüm. Biz ölkəmiz, haqlarımız uğruna şəhid olmaqdan qürüur duyuruq. Biz burada ölkəmiz naminə səsimizi ucaltmaq üçün toplanmışdıq”, deyə o bildirib.

Hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb.

Tanınmış sərkərdə və güclü regional lider Nur Əfqanıstanın milli birlik hökümətinin bir hissəsi olan Cəmiət-i-İslami partiyasının sadiq tərəfdarıdır.

Cümə axşamı baş verən hücum 2019-cu ildə Əfqanıstanda keçiriləcək prezident seçkilərindən öncə ölkədə siyasi gərginliyin artdığı vaxta təsadüf edib.

XS
SM
MD
LG