Accessibility links

Misir prezidenti Qəzzaya təcili humanitar yardım göndərilməsinə çağırır


Misir prezidenti Əbdülfəttah Əl-Sissi cümə axşamı beynəlxalq ictimaiyyəti Qəzzada müharibəni dayandırmaq üçün təcili səy göstərməyə çağırıb.

"Mən beynəlxalq ictimaiyyəti İsrailin mühasirəsini qırmaq və fələstinliləri öz torpaqlarından zorla köçürmək cəhdlərinə qarşı çıxmaq, Qəzza zolağına dərhal və maneəsiz humanitar yardımın çatdırılmasını təmin etmək üçün qətiyyətli addımlar atmağa çağırıram" - deyə, Sissi Pekində keçirilən digər ərəb liderlərinin də iştirak etdiyi sammitdə bildirib.

Çin prezidenti Şi Tsinpin cümə axşamı Qəzzaya 69 milyon dollar, o cümlədən BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyinə 3 milyon dollar humanitar yardım ayırdığını bəyan edib.

Şi Çinin İsrail-Fələstin böhranının iki dövlətli həll yoluna dair mövqeyini təkrarlayaraq, müharibənin "qeyri-müəyyən müddətə qədər davam etməməli olduğunu" deyib.

İsrail ordusunun cümə axşamı bildirdiyinə görə, keçən gün ərzində 50-dən çox hədəfə havadan zərbələr endirib.

İsrail Müdafiə Qüvvələri Qəzzanın cənubundakı Rəfah şəhərində, Qəzzanın şimalındakı Cəbəliyyə bölgəsində və Qəzza zolağının mərkəzi hissəsində quru əməliyyatlar keçirdiyini də bildirib.

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü deyib ki, İsrailin müharibədən sonrakı plana "mümkün qədər tez" ehtiyacı var və belə bir planın olmaması xaosa səbəb ola bilər.

Blinken jurnalistlərə "Fikrimcə, bu, bir sonrakı gün üçün planın olmasının vacibliyini vurğulayır. Çünki ertəsi gün üçün plan olmadıqda, ertəsi gün də olmayacaq. Əgər belə olmasa, HƏMAS hakimiyyətdə qalacaq ki, bu, qəbuledilməzdir. Əks təqdirdə, bizi xaos, qanunsuzluq və boşluq gözləyir" deyib.

Yaxın Şərq sülh prosesinə cavabdeh olan BMT rəsmisi çərşənbə günü bu narahatlıqları təkrarlayaraq, döyüşlərə son qoymaq üçün uzunmüddətli siyasi strategiyanın gərək olduğunu bəyan edib.

Forum

XS
SM
MD
LG