Accessibility links

Təbrizli siyasətçi: 2012-ci il parlament seçkilərində səslərin sayı şişirdilib



Tanınmış Təbrizli siyasətçi və İran parlamentinin keçmiş deputatı Əkbər Ələminin sözlərinə görə, onun daha öncə Təbriz və Urmiyə şəhərlərində 2012-ci il seçkilərində seçicilərin sayının bir neçə dəfə artıq göstərildiyi ilə bağlı bəyanatı Təbrizin indiki millət vəkili və keçmiş nazir Məsud Pezeşkiyan tərəfindən də təsdiq edilib.


Cənab Ələminin öz rəsmi veb səhifəsində yaydığı məqalədə deyilir: “Məsud Pezeşkiyan dəfələrlə az sayda insanın qatıldığı iclaslarda deyib ki, ona 60 mindən az səs verilib, ancaq məsləhətlərə görə, bütün namizədlərin aldığı səslərin sayı üç dəfə artıq göstərilib.”

Məsud Pezeşkiyan
Məsud Pezeşkiyan
İranda 2012-ci ildə keçirilən parlament seçkilərində Təbrizdə ikinci yeri tutan keçmiş Səhiyyə və Tibbi Təhsil Naziri Məsud Pezeşkiyanın qazandığı səslərin sayının 158 373 olduğu bildirilib. Amma Əkbər Ələmi cənab Pezeşkiyanın öz sözlərinə istinad edərək, səslərin əsl sayının 53 167 olduğunu deyir.

Azərbaycanlı siyasətçi 2012-ci il seçkilərindən az müddət sonra Təbriz və Urmiya seçkiləri ilə bağlı ətraflı bir araşdırma yayaraq, rəsmilərin yaydığı rəqəmlərin 2-3 dəfə şişirildiyini iddia etmişdi.

İranın muxalif qrupları və bir çox jurnalistin fikrincə, İranda seçkilərdə seçicilərin sayının artıq göstərilməsi adi bir hala çevrilib.

Azərbaycanlı vəkil Saleh Kamrani keçən günlərdə Amerikanın Səsinə verdiyi müsahibədə demişdi ki, İran hökuməti hər zaman çox sayda insanın seçkilərə qatılmasını istəyib. Buna səbəb insanları seçki prosesinə cəlb etmək deyil, bu iştirakla İslam Respublikasına legitimlik qazandırmaq olub.
XS
SM
MD
LG