Accessibility links

Ekologiya nazirliyinin cəriməsi, qanunsuz ov səhnəsi və tənqidçi ictimai rəy


Ov edən ərəb turistlər
Ov edən ərəb turistlər

Ərəb ölkələrindən olan turistlərin Azərbaycanın Qax rayonun Acınohur ərazisində (Bakıdan 379 kilometr şimal-qərb) Qırmızı kitaba düşmüş quşları ovlaması barədə sosial şəbəkələrdə foto və video görüntülər yayması geniş tənqidlərə yol açıb. Foto və video görüntülərdə turistlərin Qafqaz durnası və bəzgək quşlarını ovladığı görünür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və videomateriallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əlizadə AZƏRTAC dövlət agentliyinə deyib ki, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycanın ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələnib. Xidmət rəisi turistlərin hansı məhkəmənin qərarı ilə hansı miqdarda cərimələndiyini bildirməyib.

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin 291-ci maddəsində deyilir ki, Azərbaycanın Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələbləri yerinə yetirməyənlər 500 manatdan 700 manatadək məbləğdə cərimə edilir.

“Ekofront” adlı ətraf mühit, biomüxtəliflik və iqlim böhranına qarşı fəaliyyət göstərən ekoaktivist qrup Facebook səhifəsində yazır ki, qanunsuz ov edənlərin ikisi, Şeyx Zayed ibn Məhəmməd ibn Butti əl-Həmid və qardaşı Saifdir. Qardaşları Abdulla Əbu-Dabi əmirliyinin nazirlərindən biridir. Sosial şəbəkələrdə onların yaydığı ov statuslarını bəyənən və rəy yazan şəxs də Şeyx Arahmah əl-Qasimidir. O, Ras əl-Xayma əmirliyinin şahzadələrindən biridir.

Amma, bu yazılanları Azərbaycanın rəsmi qurumları hələ təsdiq etməyib. Bununla yanaşı, ərəb turislərin bundan öncəki illərdə də Azərbaycan ərazisində qanunsuz ov etdikləri ilə bağlı yerli mediada məlumatlar dərc olunub.

“Ekofront” hesab edir ki, hüquqi cəhətdən adekvat tədbirlər görülməsə bu hallar yenə təkrar olunacaq və bu qədər təhqir cəzasız qalmış olacaq.

“İlk öncə cərimələr edilməlidir, cərimələnən şəxslərin adları açıqlanmalıdır, cərimənin hesablanması əsaslandırılmalıdır. Onları ölkəyə qanunsuz gətirənlər cəzasını almalıdır. Turistlərin yasaqlığa girməsinin qarşısını almağa iradəsi çatmayan və ictimaiyyəti günlərlə aldatmağa çalışan, qanunsuzluğu müdafiə edən Ekologiya və Təbii Sərvətlər Nazirliynin rəhbərliyi cəzalanmalıdır,“ ekoaktivist qrup facebook səhifəsində qeyd edir.

İctimai fəal Həbib Müntəzir yazır ki, neçə gündür əcnəbi şəxslərin Qaxda nəsli tükənməkdə olan heyvanları “soyqırım” etməsi ilə bağlı real faktlar tirajlanır.

“Ekologiya nazirliyi isə bu gün 2 turistin cərimələndiyini bildirib. Qeyd edim ki, bu turistlər hər il fövqəlnazir Kəmaləddin Heydərovun qonağı olur və hər dəfə qanunsuz ovçuluqla məşğul olmaq üçün onlara şərait yaradılır. Ekologiya nazirliyi də, icrabaşıları da, rəsmi qurumlar da buna göz yumurlar. Sosial şəbəkələrdə nəsə yayılan kimi, 5-10 manat cərimə verib qurtulurlar. Başda fövqəlnazir olmaqla, ekonazir də bu cinayətdə əlbirdir, heç bir ciddi tədbirin görülməməsi idarəetmə sisteminin rüsvayçılığı, ictimai rəyin iqnor olunması, dərəbəyliyin göstəricisidir,” o facebook səhifəsində qeyd edib.

Sosial şəbəkə istifadəçilərinin irad və tənqidlərinə rəsmi qurumlar hələ münasibət bildirməyib.

XS
SM
MD
LG