Accessibility links

Əkrəm Əylislinin qulağına mükafat qoyuldu [Audio]


Yazıçı Əkrəm Əylisli
Yazıçı Əkrəm Əylisli

Müasir Müsavat Partiyası yazıçının qulağını kəsənə 10 min manat mükafat verəcəyini vəd edib. Yazıçı hökuməti təhlükəsizliyini təmin etməyə çağırıb.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Amerikanın Səsinə bildirib ki, rəhbərlik etdiyi partiyaya “Daş yuxular” romanının müəllifi yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi ilə bağlı qərar qəbul edib. O Amerikanın Səsinin müxbirinin suallarına belə cavab verib.

Hafiz Hacıyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Sual: Sizin partiyanın yazıçı Əkrəm Əylislinin qulağının kəsilməsi ilə bağlı qərar qəbul etməsi doğrudur?

Cavab: Partiyamız ötən həftə bu məsələlər gündəmə gələn günü qərar qəbul edib. Qərarımız qətidir və fikrimizdən geri dönən deyilik.

Sual: Qərar necədir? Yəni, Əkrəm Əylisli ilə bağlı qərarınızın tam mətni var?

Cavab: Bəli var.

Sual: Necədir?

Cavab: Qərar ondan ibarətdir ki, Əkrəm Əylisli yazdığı roman deyək, cızma-qara deyək, orada dörd milyon yarım qərbi azərbaycanlıları təhqir edib. Bu, çox ciddi bir məsələdir. Yəni, qərbi azərbaycanlıları vəhşi obrazında təqdim edir. İkinci isə erməniləri əzabkeş obrazında təqdim etməsinə qarşı partiyada geniş müzakirələr aparıldı və belə qərara gəlindi ki, Əkrəm Əylislinin “öz qohumları” vaxtilə necə cəzalandırılıbsa, onu da elə cəzalandıraq. Bilirsiniz ki, Andranikin başını və onun dayısı uşaqlarının qulağını bizim kənddə kəsiblər. Belə qərara gəldik ki, Əkrəm Əylisliyə müəyyən cəzalar versələr, onun yazıçılığını, ordenlərini əlindən alsalar da, bu onun üçün azdır. Ən yaxşı halda Əkrəmin öz dayısı oğlu Andranikin qulağı kimi, onun da qulağının kəsilməsi daha məqsədəuyğun olardı. Biz belə bir qərarı qəbul etmişik. Qərarın icra edilməsini də gənclər təşkilatının üzvlərinə həvalə etmişik. Bu qərarı kim yerinə yetirsə, ona 10 min manat mükafat veriləcək. Biz qərarımızdan geri çəkilən deyilik. Ona görə ki, Əkrəm Əylisli bilməlidir ki, 4 milyon yarım qərbi azərbaycanlını təhqir etmək heç kimə icazə verilməyib. Qərbi Azərbaycandan qeyrətli oğlanlar var. Vətəninin, xalqının namusunu çəkən insanlar var. Bu dərs olmalıdır ki, bir də qərbi azərbaycanlılara, o cümlədən Azərbaycan xalqına qarşı bu cür ədalətsiz əsərlər, romanlar yazıb xalqı təhqir etmək olmaz. Bizim milyonlarla insanlarımız şəhid olub. Bilirsiniz ki, ermənilər 1988-ci ildə Ermənistandan, öz doğma yurdlarından qovduğu azərbaycanlıların başına nə oyunlar açıb. Görünür, Əkrəm Əylislinin “gözləri kor olub”, onları görməyib. O cümlədən, ermənilərin Azərbaycanda Xocalıda, bizim digər dədə-baba yurdlarımızda Qarabağda qırdığı insanlar görünür Əkrəm Əylislinin yadından çıxıb. Hər halda yadından çıxıbsa, biz onun qulağını kəsməklə, qanını axıtmaqla onun yadına sala bilərik. Bundan sonra dırnaqarası yazarlara da, satqınlara da, ermənilərə qohum olanlara da bu bir dərs olar. Bu yöndə öz addımlarımızı atırıq və atacağıq.

Qeyd edək ki, hüquq- mühafizə orqanları hələlik Müasir Müsavat Partiyasının qərarına münasibət bildirməyib.

Hüquqşünasların rəyinə görə, H.Hacıyevin çağırışı Cinayət Məcəlləsində maddəyə (ağır bədən xəsarətinin yetirilməsi və azadlıqdan məhrumetmə ilə cəzalandırılır) düşür.

Yazıçı Əkrəm Əylisi isə Amerikanın Səsinə deyib ki, Hafiz Hacıyev səviyyəli adamlara qol-qanad verənlər Azərbaycan mənəviyyatının axırına çıxa bilər.

O deyib ki, normal ölkələrin hüquq-mühafizə orqanları belə bəyanatı verən şəxsləri məhkəməyə çəkər. “Amma bizdə hələ ki, hüquq- mühafizə orqanları bu adamın illərdən bəri bu sayaq sərsəm bəyanatlarına münasibət bildirməyib”, - yazıçı qeyd edib.

Ə.Əylisli Amerikanın Səsi vasitəsi ilə hüquq- mühafizə orqanlarını təhlükəsizliyinin təminatı ilə bağlı tədbirlər görməyə çağırıb.

“Hüquq- mühafizə orqanları təsirli tədbirlər görməsə, ailəmi və özümü terrordan qorumaq üçün xaricə getmək məcburiyyətində qala bilərəm”, - o vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG