Accessibility links

Ekspert: 'Əhalinin üçdə biri xarici ölkələrdədir'


Oktyabrın 1-dən Azərbaycanda əhalinin siyahıya alınması start götürüb. Proses oktyabrın 10-na kimi davam edəcək.

Siyahıyaalma prezidentin 2016-cı il sentyabrın 7-də «2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında» Fərmanı əsasında gerçəkləşdirilir.

Bu məqsədlə Dövlət Statistika Komitəsində (DSK) 32 nəfərdən ibarət Siyahıyaalma qrupu yaradılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb.

Azərbaycan Dövlət Statistika Komitəsi
Azərbaycan Dövlət Statistika Komitəsi

Siyahıyaalma zamanı sorğu vərəqəsində hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər üzrə suallar əksini tapıb. Habelə, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlil olub-olmaması göstərilməlidir. Üstəlik, orada əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri kimi mühüm göstəricilər üzrə suallar da yer alıb.

DSK-dan verilən məlumata görə, Azərbaycan əhalisinin yeni siyahısı 2022-ci ilin sonunda nəşr olunacaq. Siyahıyaalma məlumatlarının emalı, əldə edilmiş çıxış cədvəlləri əsasında məcmuənin hazırlanması isə 2021-ci ilə nəzərdə tutulur.

Daimi və mövcud əhali

DSK sədri Tahir Budaqov əhalinin siyahıya alınmasının səbəbləri, zəruri tərəfləri barədə fikirlərini qurumun saytında ifadə edib:

«Siyahıyaalma hər yaşayış məntəqəsində əhalinin iki kateqoriyasını fərqləndirir: daimi və mövcud əhali. Daimi əhali siyahıyaalma anında evində olub-olmamasından, yəni müvəqqəti qaibliyindən asılı olmayaraq, həmin yaşayış məntəqəsində daimi yaşayan şəxslərdən ibarətdir. Mövcud əhali isə daimi, yaxud müvəqqəti yaşamasından asılı olmayaraq, siyahıyaalma anında həmin yaşayış məntəqəsində olan bütün şəxslərdən ibarətdir».

T.Budaqov qeyd edib ki, keçiriləcək siyahıyaalmada hər iki kateqoriya əhatə olunur . Onun sözlərinə görə, bu da əhalinin sayının hesablanmasının dəqiqliyinə köməklik göstərəcək.

Amma bu məsələdə bir məqam diqqət çəkir. Son illər DSK ilə Mərkəzi Seçki Komissiyasının (MSK) siyahılarında ölkədə seçici yaşda insanların sayında kəskin fərq müşahidə edilib. Bu hal beynəlxalq təşkilatların da hesabatında öz əksini tapıb. Bəs görəsən, bu dəfə bu məsələdə mövcud uyğunsuzluq aradan qalxacaqmı?

MSK: Seçici sayı hər il dəqiqləşdirilir

«Turan» agentliyinin xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat xidmətindən bildiriblər ki, seçici sayının dəqiqləşdirilməsi hansısa tədbirlərə bağlı deyil: «Seçici sayı seçki siyahılarına əsaslanır. Hər hansı tədbirdən, seçki ili olub-olmamasından belə asılı deyil. Hər il yanvarın əvvəlindən mayın sonuna kimi seçici siyahıları dəqiqləşdirilir və mayın sonunda siyahı MSK-nın saytında yerləşdirilir. Bu dəqiqləşdirmə əvvəlcə məntəqələr, daha sonra dairələr, sonda isə MSK üzrə aparılır».

MSK-dan deyilənə görə, əgər kimsə hansısa səbəb üzündən seçki siyahısından kənarda qalıbsa, bu zaman yaşadığı və aidiyyəti üzrə seçki məntəqəsinə müraciət edərək əlavə siyahıya daxil edilə bilər. Qurumdan hesab edirlər ki, şəxsin siyahıdan kənarda qalması onun səs vermək hüququnun itirilməsi demək deyil.

Bu yaxınlarda isə bu məsələ ilə bağlı suala cavab olaraq MSK-dan onu da bildirmişdilər ki, əhalinin bütünlükdə qeydiyyatı ilə seçici sayı fərqli məsələlərdir: «Əhali qeydiyyatı belədir ki, ölkə ərazisində anadan olan kimi vətəndaş kimi reyestrdə qeydə düşür».

Komissiyadan habelə deyilib ki, seçici sayına təsir edən müxtəlif amillər olur - vətəndaş ölkədən gedə, seçki dairəsini dəyişə, yenisində qeydiyyata düşənə kimi fasilə yarana bilər.

Dövlət Statistika Komitəsindən isə, hələlik, bu məsələ ilə bağlı suallara cavab almaq mümkün olmayıb.

H.Həsənov: «Yenə də rəqəmlər ziddiyyət təşkil edəcək»

«Hüquq və İnkişaf» İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da AzadlıqRadiosuna deyib ki, siyahıyaalınma əhalinin demoqrafik vəziyyəti, hərəkəti, yaş tərkibi və büdcə ayırmalarının istiqamətləri baxımından çox zəruridir.

Hafiz Həsənov
Hafiz Həsənov

Əhali sayına gəlincə, H.Həsənov qeyd edib ki, bu, hər il verilən ölüm və doğum statistikasına əsasən müəyyən edilir. Onun fikrincə, bu siyahıda da təxminən bir neçə ay öncə verilmiş rəqəm əks olunacaq: «Siyahıyaalma real əsaslar, əhalinin faktiki yerləşmələri, sayı üzrə aparılmalıdır. İndiki halda əhalinin üçdə biri xarici ölkələrdədir. Rusiyadadır, Türkiyədədir, Avropa ölkələrindədir. Bu baxımdan, bu siyahıyaalma bir qədər formal xarakter daşıya bilər. Biz özümüz də vaxtilə bu siyahıyaalma proseslərində iştirak etmişik. Alınan nəticələr heç də tam olaraq reallığı əks etdirmir».

DSK-nın elan etdiyi seçici sayı ilə MSK-nın açıqladığı seçici sayı arasında fərqə gəldikdə isə, H.Həsənov bunları deyib: «2019-cu ilin dekabrında bələdiyyə seçkiləri, 2020-ci ilin noyabrında parlament seçkiləri keçiriləcək. Bu baxımdan hesab edirəm ki, bu seçici siyahıları ilə bağlı mənzərə də aydın olmalıdır. Yenə də seçicilərlə bağlı məsələ, hər iki qurumun elan etdikləri rəqəmlər müzakirə mövzusu olacaq. Yenə də rəqəmlər ziddiyyət təşkil edəcək...».

H.Həsənova görə, əslində seçicilərin yerləşməsi üzrə siyahıyaalma keçirmək daha real olardı: «Sabah həmin siyahılar üzrə saxtalaşdırmalar olmaması baxımından real, geniş, əhatəli fəaliyyət həyata keçirilməlidir. Ümid edək ki, bu belə olacaq. Amma yenə də reallıqlar, əvvəlki təcrübə bu fikri inamla deməyə əsas vermir».

Xatırlatma

MSK-dan bu ilin əvvəlində bildirmişdilər ki, Azərbaycanda 5 milyon 212 min 902 nəfər seçici var.

Azərbaycanda əhalinin siyahıyaalınması sonuncu dəfə 2009-cu ildə keçirilib. Ölkə əhalisinin siyahıya alınması hər 10 ildən bir təşkil edilir. 2019-cu ildə DSK təntənəli şəkildə bəyan edib ki, ölkə əhalisinin sayı 10 milyon nəfəri keçib.

(c) AzadlıqRadiosu

Şərhlərə bax

XS
SM
MD
LG